“Azərbaycan üçün Yol Xəritəsinin hazırlanması”

Hit: 163
“Azərbaycan üçün Yol Xəritəsinin hazırlanması”
Energetika Nazirliyində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 7-ci hədəfinin (Sərfəli və təmiz enerjiyə çıxış) icrası üzrə “Azərbaycanın enerji sektoru üzrə Yol Xəritəsinin hazırlanması" layihəsi ilə əlaqədar hibrid formatda ilk iclas keçirilib.
 
Tədbirin açılışında energetika nazirinin müavini Orxan Zeynalov çıxış edərək dayanıqlı inkişaf məqsədlərinin 7-ci hədəfinə nail olunmanın önəmini vurğulayıb. Ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafı üzrə plan və hədəflər, yaşıl enerji layihələri, enerji istehsalında bərpa olunan enerjinin payının artırılması, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonasının yaradılması, o cümlədən enerji effektivliyi və onun əsas komponentləri, istixana effekti yaradan qaz emissiyalarının qarşının alınması üzrə görülən tədbirlər barədə məlumat verilib, Azərbaycanın yaşıl enerji interkonnektorları üzrə təşəbbüslərdən, yaşıl enerji dəhlizləri layihələrindən bəhs edilib.
 
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva isə çıxışında yol xəritəsinin hazırlanmasında ölkə tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. COP29 çərçivəsindən qlobal maliyyə konsensusuna nail olunması, eləcə də qlobal bərpa olunan enerji gücünün 3 qat və enerji səmərəliliyinin  2 dəfə artımına nail olunması və bu istiqamətdə ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji təşəbbüslərinin vacibliyi haqqında fikirlərini bölüşüb.
 
UNESCAP-ın Enerji bölməsinin direktoru Hongpeng Liu çıxış edərək DİM-in 7-ci hədəfinin icrasına nail olunması, bərpa olunan enerjidən istifadə payının artırılması, karbon neytrallığı hədəflərinə çatmaq, iqtisadi artım və enerji keçidinin təmin olunması barədə danışıb, enerji sektoru üzrə strateji sənədlərin hazırlanmasında istifadə olunan NEXSTEP modulu haqqında məlumat verib.
 
Sonra BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Davamlı Enerji Bölməsinin regional məsləhətçisi Oleg Dzioubinski tərəfindən yol xəritəsinin hazırlanmasında Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrinə dəstəyin göstərilməsi haqqında məlumat verilib. ESCAP-ın Enerji Bölməsinin İqtisadi Məsələlər üzrə mütəxəssisi Anis Zaman isə “NEXSTEP aləti və DİM 7 Yol Xəritəsinin hazırlanma prosesi ilə tanışlıq” mövzusu üzrə çıxışında sözügedən yol xəritəsinin hədəf və indikatorları, nəticələri, NEXSTEP metodologiyası, LEAP proqramı və ondan istifadə etməklə enerji modelləşdirmə ssenariləri və müvafiq istiqamətdə təlimlərin keçirilməsi haqqında danışıb.
 
Sonra Energetika Nazirliyinin nümayəndələri Nərgiz Bağırlı, Rahid Əsədov və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətovanın Azərbaycanda enerji səmərəliliyi siyasəti, neft-qaz sektorunda inkişaf perspektivləri və cari vəziyyət, eləcə də ölkəmizdə bərpa olunan enerjinin inkişafı – siyasət və planlar mövzularında təqdimatları dinlənilib. Çıxışlarda yol xəritəsinin hədəflərindən birinin enerji səmərəliliyi olduğu qeyd edilib, enerji səmərəliliyinin dayanıqlı şəhərlər və icmalar, yaxşı səhiyyə və rifah kimi digər dayanıqlı inkişaf məqsədlərinin də əsası olduğu vurğulanıb. Enerji səmərəliliyi siyasəti və onun icrası üzrə qarşıya qoyulmuş vəzifələr, enerji effektivliyi fondunun yaradılması ilə bağlı görülən tədbirlər barədə danışılıb. Həmçinin neft-qaz əməliyyatları prosesində emissiyaların azaldılması sahəsində xarici şirkətlərlə yaxından əməkdaşlıq edildiyi diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planı, bərpa olunan enerji mənbələri sahəsində mövcud olan qanunvericilik və həyata keçirilən layihələr, enerji saxlanc sistemləri, elektromobillik, karbon tutulması, saxlanması və istifadəsi (CCUS), bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı geniş məlumat verilib.
 
Sonda layihə üzrə suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbirdə müvafiq sahədə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları və işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərin əməkdaşları iştirak edib.
 
Qeyd edək ki, sözügedən Yol Xəritəsinin icrası çərçivəsində LEAP proqramı vasitəsilə energetika sektoru üzrə qısa və uzunmüddətli proqnozların hazırlanması, bu istiqamətdə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, xüsusilə enerji modelləşdirməsi mövzusunda təlimlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu təşəbbüs, Azərbaycanın bərpa olunan enerji sahəsində atdığı addımlar və aşağı karbonlu enerji sisteminə keçid üzrə milli hədəfləri ilə tam uzlaşır. DİM 7 Yol Xəritəsi enerji təhlükəsizliyi və dayanıqlılığı təmin etməklə yanaşı, ölkənin beynəlxalq iqlim öhdəliklərinin həyata keçirilməsini dəstəkləyəcək strateji alət rolunu oynayır. Bu tipli layihələr Gürcüstan, Tacikistan, Qırğızıstan kimi ölkələrdə həyata keçirilib, eyni zamanda Qazaxıstan və Özbəkistanda müvafiq Yol Xəritələrinin hazırlanması prosesi davam etdirilir.








Redaktorun seçimi