Bahalı görünsə də, bu daş sadəcə 34 manata satılır

Zərgərlik mağazalarının vitrinində par-par parıldayan, lüks görünüşü ilə diqqət çəkən "Swiss Blue Topaz" əslində düşündüyünüz qədər bahalı deyil.
Valyuta.az xəbər verir ki, bu dərin və cazibədar mavi daşın qiyməti təxminən 20 ABŞ dolları (təxminən 34 manat) civarındadır.
Görünüşcə bahalı, amma qiymətcə aşağı olan bu daş niyə bu qədər əlçatandır?
"Swiss Blue Topaz" , adından da göründüyü kimi, təbii mavi daş deyil. Əsasən Braziliya, Nigeriya və Şri-Lanka kimi ölkələrdə çıxarılan rəngsiz və ya solğun rəngli topazlar elektron bombardmanı və istilik emalı ilə bu canlı mavi çalara çevrilir. Bu proses nəticəsində əldə olunan mavi tonu təbii topazlardan ayırmaq çox çətindir.
Əvvəla, "Swiss Blue Topaz" süni şəkildə əldə edildiyi üçün bazarda çoxluq təşkil edir. Bu isə qiymətə birbaşa təsir edir. Təlabat yüksək olsa da, təklif daha çoxdur – bu isə qiyməti aşağı səviyyədə saxlayır.
İkincisi, təbii daşlar kimi nadirlik və nadir yataqlarda tapılma faktoru "Swiss Blue Topaz" üçün keçərli deyil. Texnologiya bu daşı demək olar ki, sınırsız miqdarda istehsal etməyə imkan verir. Əməliyyat xərcləri isə minimaldır.
Çox zaman bu cür daşlar qızıl və ya gümüş çərçivələrə yerləşdirilərək, bahalı dizaynla təqdim olunur. Bu da alıcılarda daşın da bahalı olduğu təəssüratını yaradır. Amma əslində, 500 manatlıq sırğanın içindəki mavi daşın xammal qiyməti 20 dollardan artıq deyil.


