ABA-nın 35 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

24–25 iyun 2025-ci il tarixlərində Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçirilir.
"Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik" mövzusuna həsr olunan sammitdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) 35 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimat və möhürlənmə mərasimi baş tutub.
Mərasimdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev yubiley markasının rəsmi möhürlənməsini həyata keçiriblər.
Qeyd edək ki, “FINTEX SUMMIT 2025” tədbiri Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə, eləcə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və "Visa"nın tərəfdaşlığı ilə keçirilir.
Məlumat üçün bildirək ki, "Azərpoçt" MMC 2010-cu ildən ABA-nın üzvüdür.


