Azərbaycan qadınların əmək bazarına çıxışında qlobal uğur nümunəsi kimi təqdir edilir

Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin Yaz iclasında qadınların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi üzrə Azərbaycan uğurlu nümunə kimi göstərilib. İclasda vurğulanıb ki, ölkədə son dövrlərədək qadın əməyinin məhdudlaşdırıldığı 674 peşə sahəsinə qadınların çıxışı təmin olunub.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda qadınların yüksək gəlir gətirən iş yerlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə əlavə mexanizmlərin yaradılması və tətbiqi tədbirinin icrası nəticəsində qadınların məşğulluq imkanları genişlənib. 2023-cü ildə Əmək Məcəlləsində qadın əməyini məhdudlaşdıran 241-ci maddə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 nömrəli qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı”nın ləğv edilməsi barədə Nazirlər Kabinetinin 31 may 2023-cü il tarixli 172 nömrəli Qərarı təsdiq edilib. Sözügedən Qərarın ləğvi ilə ölkədə qadınların sənaye və təhlükəli işlərdə çalışmasına qoyulan hüquqi məhdudiyyətlər aradan qaldırılıb. Bu islahatlar çərçivəsində 674 iş sahəsinə (o cümlədən nəqliyyat, kənd təsərrüfatı və enerji sektorlarına) qadınların çıxış imkanı yaradılıb.
Aparılan islahatların müsbət nəticəsi olaraq, ötən il Dünya Bankının “Qadınlar, Biznes və Hüquq- 2024” hesabatında ölkəmiz gender bərabərliyi və qadınların iqtisadi iştirakı sahəsində əhəmiyyətli irəliləyiş əldə edərək reytinq göstəricisini 78,8-dən 85-ə qaldırıb. Bu nəticə ilə Azərbaycan 190 ölkə arasında 35 pillə irəliləyərək 104-cü yerdən 69-cu yerə yüksəlib. Bu göstərici yuxarı-orta gəlirli ölkələr üzrə orta səviyyədən yüksəkdir. Eyni zamanda, Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda hüquqi islahatlar həyata keçirən beş ölkədən biri kimi qiymətləndirilib.
Elnur Ələkbərov əlavə edib ki, 2015-2023-cü illərdə məşğul qadınların sayı 5% artaraq 2,3 milyon nəfərdən 2,4 milyon nəfərə yüksəlib. Bu, qadınların iqtisadi fəallığının və əmək bazarında iştirakının gücləndiyini göstərir. Azərbaycanda qadınların iqtisadi iştirakı sahəsində əldə etdiyi nailiyyətlər ölkənin davamlı inkişaf məqsədlərinə sadiqliyini nümayiş etdirir. Hüquqi islahatlar və dəstəkləyici siyasətlər qadınların iqtisadi potensialının daha da artırılmasına və əmək bazarında bərabər imkanların təmin olunmasına töhfə verəcək.


