“PAŞA Sığorta” və “PAŞA Həyat” şirkətlərinin rəhbərliyində dəyişiklik baş verib

“PAŞA Holdinq”ə daxil olan “PAŞA Sığorta” və “PAŞA Həyat” sığorta şirkətlərinin rəhbərliyində rotasiya həyata keçirilib. Strateji idarəetmə yanaşmasının tərkib hissəsi kimi, hər iki şirkətin rəhbərləri yeni təyinatla bir-birinin rəhbərlik etdiyi quruma keçib. Hər iki rəhbər təmsil etdikləri şirkətlərin sığorta bazarında aparıcı mövqe qazanmasında əhəmiyyətli rol oynayıb. Bu rəhbərlik dəyişikliyi hər iki biznesə yeni baxış bucağı qazandırmaqla “PAŞA Qrup” daxilində liderliyi daha da gücləndirməyə, eyni zamanda etibarlı və təcrübəli rəhbərlərə arxalanmağa imkan verir.
Ülviyyə Cabbarova 2008-ci ildən “PAŞA Sığorta” şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışaraq, 2012-ci ildən etibarən şirkətin baş icraçı direktoru kimi fəaliyyət göstərir. O, həmçinin 2023-cü ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri vəzifəsini icra edir.
Tibb üzrə ali təhsilə malik olan Ülviyyə Cabbarova, “Stanford Graduate School of Business” (ABŞ), INSEAD (Fransa) kimi nüfuzlu ali təhsil müəssisələrində liderlik proqramlarını bitirib.
Rotasiya nəticəsində Ülviyyə Cabbarova “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Onun yerinə isə Niyaz İsmayılov “PAŞA Sığorta” ASC-nin baş icraçı direktoru vəzifəsini icra edəcək.
Niyaz İsmayılov 2017-ci ildən etibarən “PAŞA Həyat” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, 2006-cı ildən “PAŞA Sığorta” komandasında fəaliyyətə başlayaraq anderraytinq və təkrarsığorta sahəsində bir sıra rəhbər vəzifələrdə çalışmış, 2010-cu ildən isə “PAŞA Həyat Sığorta” şirkətində rəhbər vəzifələr tutub. Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə ali təhsil alan İsmayılov, sonradan “Harvard Business School” (ABŞ) və “London Business School” (Böyük Britaniya) kimi nüfuzlu məktəblərdə liderlik və strategiya proqramlarını da bitirib.
Sözügedən vəzifə dəyişiklikləri 11 iyun tarixindən etibarən qüvvədə olacaq.


