Sabah Bakıda mühüm sərgi öz işinə başlayacaq - AÇIQLAMA

Sabah Bakı Ekspo Mərkəzində “II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” öz işinə başlayacaq.
Bu barədə jurnalislərə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) idarə heyətinin sədri Ramin Şərifov məlumat verib.
Onun sözlərinə görə, 3 gün davam edəcək sərrgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək. Ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə konfranslarda müzakirə olunacaq. İkitərəfli(B2B) və franchise görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirələcək və türk dövlətlərinin ortaq brendləri yaradılacaqdır.
Sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcəkdir
R.Şərivov qeyd edib ki, türk dövlətlərinin iqtisadi imkanlarına həsr olunacaq paneldə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlət rəsmiləri və biznes nümayəndələri arasında fikir mübadiləsi aparılacaq. Bu panel çərçivəsində regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və ticarət baryerlərinin azaldılması kimi mövzularda müzakirələr keçiriləcək. Elektron ticarət, startaplar və investisiya sahələrinə dair panellərdə isə gənc sahibkarlara göstərilən dövlət dəstəyi, Türk dövlətlərində formalaşmaqda olan startap ekosistemi və müvafiq özəl təşəbbüslər barədə təcrübə mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbirə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından yüksək vəzifəli dövlət nümayəndələri, nüfuzlu şirkət rəhbərləri, investorlar, startap nümayəndələri və akademik dairələrdən ekspertlər qatılacaqlar.


