2024-cü ildə Banklararası Kart Mərkəzinin fəaliyyəti açıqlanıb

2024-cü il ərzində Banklararası Kart Mərkəzi üzərindən milli valyutada emal olunan əməliyyatların həcmi 30,6 milyard manat, xarici valyutada isə 69,3 milyon dollar və 29,6 milyon avro təşkil edib.
Faktor.az Mərkəzi Banka istinadla xəbər verir ki, 31.12.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 19,9 milyon ədəd, bankomatların sayı 3,3 min ədəd, POS-terminalların sayı isə 119,5 min ədəd təşkil edib. 2024-cü il ərzində ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların həcmi 60,9 faiz artaraq 78,9 milyard manat təşkil edib. 2023-cü illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4 faiz, həcmi isə 69,8 faiz artıb. Ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 2023-cü illə müqayisədə 8,6 faiz bəndi artaraq 64,2 faizə bərabər olub.
2024-cü ildə internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2023-cü illə müqayisədə 20,7 faiz, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2 faiz artıb.
Hesabat ilində Milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760,2 milyard manat (ÜDM-in 6 misli), ödənişlərin sayı isə 168,6 milyon ədəd olub. Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya olunmuş qurumlar üzrə 1200-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunub. HÖP üzərindən 2024-cü il ərzində emal olunan əməliyyatların həcmi 8,1 milyard manat təşkil edib və bu əməliyyatların 71,3 faizi nağdsız formada aparılıb. Əməliyyatların ümumi həcmi 2023-cü illə müqayisədə 16,4 faiz, o cümlədən nağdsız əməliyyatların həcmi 20,9 faiz artıb.


