"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur

Hit: 193
"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur
Xəbər verildiyi kimi, 2025-ci il iyulun 1-dən etibarən "Azercell" fakturasız (SimSim) xətt istifadəçiləri üçün yeni şərtlər tətbiq edəcək.
 
İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Osman Gündüzün fikrincə, şirkətin təqdim etdiyi bu qaydalar “müştəri yönümlü” deyil, daha çox “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə əsaslanır, Valyuta.Az xəbər verir. 
 
"Yeni sistem balanssız nömrələrin qarşısını almağı, istifadəçiləri daha aktiv istifadəyə təşviq etməyi və daha çox kontur yükləmə vərdişi yaratmağı hədəfləyir.
 
Yeni qaydalara görə, balansda vəsaitin olub-olmamasından asılı olmayaraq, nömrənin aktivliyi müəyyən günlərlə məhdudlaşacaq. Məsələn, 5 manatlıq balans əvvəlki kimi 1 ay yox, cəmi 5 gün danışıq imkanı verəcək. Balansda kontur olsa belə, bu müddət bitdikdən sonra nömrə istifadə üçün əlçatan olmayacaq.
 
Tarif istifadəçiləri üçün də vəziyyət fərqli deyil. Tarifin tam məbləği (məsələn, 10 manat) yüklənmədiyi təqdirdə, heç bir resurs aktivləşmir və nömrə sadəcə 1-2 gün açıq qalır. Gündüz bildirir ki, tarif vizual olaraq mövcud görünsə də, əslində istifadə üçün əlçatan deyil. Bu vəziyyətin səhv anlaşılma ehtimalını nəzərə alan ekspert, "Azercell"in daha aydın izah təqdim etməsini vacib sayır.
 
Bundan əlavə, "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6" kimi daha sərfəli tariflərə yeni qoşulmaların dayandırılması da istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır. Bu da bazarda alternativlərin azalmasına, məcburi seçimlərə yönəlməyə səbəb olur".
 
Ekspertin fikrincə, dövlətə məxsus payla idarə olunan bir şirkətin bu cür sərt ticarət yanaşması sosial ədalət baxımından ciddi narahatlıq doğurur.
 
"Azercell"in milyonlarla istifadəçidən topladığı gəlirlərin innovasiyalara yatırılmaması da suallar doğurur. 
 
Osman Gündüz hesab edir ki, bu yanaşma rəqəmsal bərabərsizliyi dərinləşdirə və ölkədə rəqəmsallaşma proseslərinə mənfi təsir göstərə bilər.
 
Ekspert müvafiq qurumları – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini (RİNN), İKT Agentliyini (İKTA), "İRİA"nı bu dəyişikliklərin sosial təsirlərini dəyərləndirməyə və şirkətə daha müştəriyönümlü qərarlar qəbul etdirməyə çağırır.








Redaktorun seçimi