Neftçalada kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıqla bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı ilə 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək.
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala Rayon Statistika idarəsinin təşkilatçılığı ilə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətinin, “Aztelekom” MMC-nin Cənub Şirvan regional filialının Neftçala şöbəsinin, Rayon Elektrik şəbəkəsinin məsul şəxslərinin, Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə “2025-ci il iyulun 15-dən avqustun 15-dək Neftçala rayonunda keçiriləcək kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyəti” mövzusunda Rayon İcra Hakimiyyətində geniş tərkibdə tədbir keçirilib. Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarının 12.1.-ci bəndinə əsasən, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 09.12.2024-cü il 181 nömrəli Sərəncamı ilə yaradılmış “Neftçala rayonunda 2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsinin təşkil edilməsi ilə əlaqədar kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası ”nın sədri, Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq kənd təsərrüfatının siyahıyaalınması ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması, siyahıya cəlb olunacaq təlimçi-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsi məqsədilə komissiya üzlərinə və tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verdi. Rayon Statistika idarəsinin rəisi Şahin Mənəfov, kənd təsərrüfatının siyahıyaalınması ilə əlaqədar təsərrüfatbaşına uçot sənədləri məlumatlarının aktuallaşdırılması və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə vaxtında daxil edilməsinin təmin olunması ilə bağlı bir sıra məqamlara toxundu, müvafiq tövsiyələrini verdi.
Rayon ərazisində kənd təsərrüfatının siyahıyaalınması ilə əlaqədar siyahıya cəlb olunacaq təlimçi-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə, siyahıyaalınması dövründə rayon ərazisində dayanıqlı elektrik enerji təchizatının, telekominikasiya və internet şəbəkələrinin işini təmin etmək məqsədilə komissiya üzvlərinə, məsul şəxslərə sərəncamdan irəli gələn tapşırıqlar diqqətə çatdırıldı, siyahıyaalınma prosesi ilə bağlı sual doğuran fikirlərə aydınlıq gətirildi.


