Hacıqabul Quşçuluq Şirkətində "Açıq Qapı" günü keçirilib - FOTOLAR

Şirvan Peşə Liseyinin rəhbərliyi, pedaqoji heyəti və tələbələri “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də təşkil olunmuş “Açıq Qapı Günü” çərçivəsində müəssisənin fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.
Tələbələrə ilk öncə Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində təsis edilmişdir. Şirkət hazırda gündəlik 2.000.000 ədəd, illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Müəssisədə qurulmuş müasir laboratoriyada məhsullar beynəlxalq standartlara uyğun olaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə analiz edilir.
Ekskursiya zamanı iştirakçılar laboratoriya, yem sexləri, mexanik xidmət bölməsi, toyuq saxlama binaları, yumurta çeşidləmə və qablaşdırma mərkəzi kimi əsas sahələrə ekskursiya etmiş, müəssisədə tətbiq olunan texnoloji proseslər və əməyin təşkili ilə yerində tanış olmuşlar.
Tələbələr istehsalat prosesində tətbiq olunan müasir texnoloji avadanlıqlarla tanış olmaqla yanaşı, real iş şəraitində peşə biliklərini müşahidə etmək və müəyyən hallarda tətbiq etmək imkanı da əldə etmişlər. Bu, onların nəzəri biliklərini praktika ilə əlaqələndirmələrinə və gələcək ixtisas seçimində daha düzgün qərar vermələrinə töhfə vermişdir.
Ekskursiya zamanı tələbələrə məlumat verilib ki, Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətində ekoloji davamlılıq və yaşıl enerji texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atmaqdadır. Şirkət ötən ilin may ayından etibarən müəssisənin istehsalat sahəsində bərpa olunan enerji mənbəyi kimi günəş enerjisindən istifadə etməyə başlayıb. Bu məqsədlə, istehsalat ərazisində ümumi 2.4 meqavat gücündə günəş panelləri sistemi quraşdırılıb və istifadəyə verilib. Günəş panelləri vasitəsilə əldə olunan elektrik enerjisi şirkətin gündəlik enerji tələbatının mühüm hissəsini qarşılayaraq enerji səmərəliliyini artırır, ənənəvi enerji resurslarından asılılığı azaldır, həmçinin karbon emissiyasının və ekoloji izlərinminimuma endirilməsinə şərait yaradır.
Qeyd edək ki, “Açıq Qapı Günü” istehsalatla təhsil arasında əməkdaşlıq imkanlarının möhkəmləndirilməsinə, həmçinin peşə təhsilinin real sektora inteqrasiyasını dəstəkləmək məqsədi daşıyır.
Tədbirin sonuna xatirə şəkili çəkdirilib.


