Azərbaycan ötən il 735 milyon manatlıq dövlət zəmanəti verib

Hit: 264
Azərbaycan ötən il 735 milyon manatlıq dövlət zəmanəti verib
2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 734,6 milyon manat məbləğində dövlət zəmanəti verilib.
 
Faktor.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
 
Məlumata görə, bunun 700 milyon manatı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 19,3 milyon avrosu (34,6 milyon manat ekvivalentində) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") verilib. Son nəticədə müəyyən olunmuş 1,1 milyard manatlıq yuxarı hədd aşılmayıb.
 
Bundan başqa, Azərbaycanın ötən il xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1,7 milyard manat təsdiq edilib, ölkəmiz xaricdən iki yeni kredit sazişi üzrə ümumilikdə 228 milyon ABŞ dolları (387,6 milyon manat ekvivalentində) borc alıb.
 
Azərbaycanın 2024-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) isə 2,7 milyard manat təsdiq edilib. Ötən il maliyyə bazarında yerləşdirilmiş 4 milyard 969,6 milyon manatlıq dövlət istiqrazları hesabına vaxtı çatmış 3 milyard 289,5 milyon manat xarici və daxili dövlət borcu qaytarılıb.
 
Dövlət borcunun yenidən maliyyələşdirilməsi üzrə əməliyyatlar dövlət borclanmasının yuxarı həddinə (limitinə) daxil edilmədiyindən, 2024-cü il üçün daxili dövlət borcu üzrə borclanmanın yuxarı həddi 1 milyard 680,1 milyon manat icra edilib və ya “2024-cü il dövlət büdcəsi haqqında” qanunla təsdiq edilmiş dövlət borclanmasının yuxarı həddindən aşağı olub.








Redaktorun seçimi