"Birgə səylərin gücləndirilməsi effektivliyin artırılması baxımından vacibdir” - Samirə Musayeva

Hit: 173
"Birgə səylərin gücləndirilməsi effektivliyin artırılması baxımından vacibdir” - Samirə Musayeva
Bakıda Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidməti və Auditorlar Palatasının təşkilatıçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş  “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 
Konfransda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva vergi orqanlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizədə iştirak edən əsas qurumlardan biri olduğunu və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib. Bildirilib ki, məsələnin prioritetliyi nəzərə alınaraq, bu istiqamətdə nəzarətin daha da gücləndirilməsi məqsədilə Dövlət Vergi Xidmətində maliyyə monitorinqi və maliyyə araşdırmaları üzrə ixtisaslaşdırılmış strukturlar yaradılıb. Artıq iki ildən çoxdur ki, DVX-də Maliyyə monitorinqi şöbəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin tərkibində Maliyyə araşdırması şöbəsi fəaliyyət göstərir. Bu strukturların fəaliyyəti həm daxili nəzarətin gücləndirilməsi, həm də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilib.
 
DVX-nin rəis müavini qeyd edib ki, qurum bu sahədə bilikləri əldə etmək və paylaşmaqla öhdəlik daşıyan şəxslərin maarifləndirilməsinə öz töhfəsini verir. Həm öhdəlik daşıyan şəxslər, həm də DVX əməkdaşları üçün təlimlər keçirilib, öhdəlik daşıyan şəxslər üçün təlimat və metodologiyalar hazırlanaraq qurumun rəsmi internet səhifəsində yerləşdirilib. Görülmüş işlər nəticəsində DVX-nin nəzarət etdiyi öhdəlik daşıyan şəxslərin 1260-nın Maliyyə Monitorinqi Xidmətinin Şübhəli Əməliyyatların Monitorinqi Sistemində qeydiyyatdan keçmələri təmin edilib. DVX nəzarət funksiyası çərçivəsində 2023-2024-cü illər ərzində 48 belə şəxs üzrə vergi yoxlaması təyin edilib.
 
S.Musayeva bildirib ki, bəzən real iqtisadi fəaliyyəti olmayan, sadəcə maliyyə axınlarının “biznes əməliyyatı” adı altında pərdələndiyi, yəni “əmtəsiz əməliyyatlar” adlandırılan hallar aşkarlanır. Bu əməliyyatlar pul vəsaitlərinin nağdlaşdırılması, mənimsəmə, vergidən yayınma və çirkli pulların yuyulması hallarını əhatə edir. Belə hallarda toplanan məlumat və sənədlər aidiyyəti üzrə cinayət təqibi orqanlarına ötürülür. "Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”a toxunan xidmət rəisinin müavini 2024-cü il üzrə ümumilikdə 46 tədbirin qiymətləndirilmə prosesinin aparıldığını bildirib. Bunların 85%-i tam, 4%-i qismən icra edilib, 11% və ya 5 tədbirin isə icrası davam edir. S.Musayeva rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərlə birgə səylərin gücləndirilməsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə effektivliyin artırılması baxımından vacib olduğunu vurğulayıb və bütün aidiyyəti qurumları bu istiqamətdə sıx əməkdaşlığa dəvət edib.
 








Redaktorun seçimi