Azərbaycan və Gürcüstan poçt nümayəndələrinin görüşü baş tutub

Bakıda Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu” keçirilir.
Forum çərçivəsində ümumi müzakirələrlə yanaşı ikitərəfli görüşlər də təşkil olunur, fikir mübadiləsi aparılır. Belə görüşlərdən biri də “Azərpoçt” və Gürcüstan Poçtu arasında baş tutub.
Görüşdə iştirak edən “Azərpoçt”un İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, İdarə heyətinin üzvü Xəyyam Əli-zadə və Gürcüstan Poçtunun Baş direktoru Levan Chikvaidze və Beynəlxalq əlaqələr ofisinin rəhbəri Nugzar Bregvadze arasında iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub: belə ki, gələcəyə doğru elektron kommersiya bağlamaların çatdırılması üzrə təcrübələrin və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması, eləcə də Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıqların qurulmasının vacibliyi vurğulanıb və gələcəyə doğru yeni görüşlər haqqında razılığa gəlinib.


