PAŞA Holding-in dəstəyi ilə yeni sosial müəssisə istifadəyə verildi

PAŞA Holding-in dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Göylər kəndində yeni sosial müəssisə fəaliyyətə başlayıb.
Seçilmiş iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub və PAŞA Holding-in dəstəyi ilə istehsal üçün zəruri avadanlıqlarla təmin ediliblər.
Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Layihə eyni zamanda tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkan yaradır.
Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçilərin sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı kimi Göylər kəndində yaradılan yeni müəssisədə isə 20 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Yekun hədəf yalnız Şamaxı rayonu üzrə 100 nəfərə qədər qadının daimi məşğulluğunun təmin edilməsidir.


