Xəzər regionunun ən böyük Kənd Təsərrüfatı sərgisi keçiriləcək

Hit: 610
Xəzər regionunun ən böyük Kənd Təsərrüfatı sərgisi keçiriləcək
13-16 may tarixlərində artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində keçiriləcəkdir. Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutmuşdur.
 
Sərgilərin ölkə üçün əhəmiyyətini ölkə başçısının bu tədbirləri ziyarət etməsi vurğulayır. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.  
Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.
Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3000-dən çox şirkət və 150,000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanmışdır. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır.
 
Hal-hazırda “InterFood Azerbaijan”  və “Caspian Agro”  sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq etmişdir. Beləliklə sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir.
 
İştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq bu il sərgilər 4 gün ərzində təşkil ediləcəkdir. Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçiləri arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək.
 
Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhətə edəcək.  Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir milli qruplar şəklində sərgilərdə iştirak edəcək.
Sərgiləri bir sıra xarici ölkələrdən nazirlərin başçılıq etdiyi beynəlxalq nümayəndə heyətləri ziyarət edəcək.
Sərgilərdə “Azersun”, “Beta”, “Futura”, Gəncə Avtomobil Zavodu, “John Deer”, “Kronen”, “Landini”, “Lindsay”, “Lovol”, “Metak”, “Mirotorq”, “New Holland”, “Solis”, “Valley” kimi aparıcı şirkətlər və sənaye liderləri təmsil olunur.
 
Sərgilərin daimi iştirakçısı olan “Prior Leasing ASC” şirkəti “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru qismində çıxış edir.
Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edəcək və yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradacaq.
 
Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alacaqdır.
 
“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunacaq.
Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi bu il də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirəcəklər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.
 
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində zəngin işgüzar proqram təqdim olunacaq və maraqlı tədbirlər təşkil ediləcəkdir.
 
Sərginin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcəkdir. 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaqdır. Forumda xarici qonaqların, o cümlədən nazirlərin iştirak edəcəyi gözlənilir.
 
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri zamanı kənd təsərrüfatı sahəsi üzrə daha bir mühüm beynəlxalq tədbir baş tutacaqdır. Belə ki, Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Bakı Ekspo Mərkəzində, ümumilikdə 200-dən çox beynəlxalq və yerli nümayəndələr, rəsmi şəxslər və ekspertlərin iştirakı ilə İslam Ticarət və İnkişaf Palatasının “Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu” keçiriləcəkdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və sərgi təşkilatçılarının dəstəyi ilə keçiriləcək tədbir 14-15 may tarixlərində təşkil ediləcəkdir. Forumun müzakirə gündəmində davamlı kənd təsərrüfatına investisiya, kənd təsərrüfatında KOB-ların gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular yer alacaq. Tədbir zamanı həmçinin ikitərəfli işgüzar (B2B) görüşlər, eləcə də müxtəlif təlimlər təşkil ediləcəkdir. Bu forum Azərbaycanın kənd təsərrüfatı sektoru üzrə beynəlxalq iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Hər il təşkilatçılar Azərbaycanın müxtəlif regionlarından, eləcə də Naxçıvan Muxtar Respublikasından gələn fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il də sərgilər çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcəklər. Fermerlərin sərgiyə turlarının nəticəsi olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.  
Uzun illərdir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirak etməsi üçün stend təşkil edir. Bu əməkdaşlıq çox məhsuldar xarakter daşıyır. Belə ki, hər il bu şirkətlər sərgilərdə iştirak edərək, bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr qurur və inkişaf edirlər. 2025-ci ildən etibarən Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri KOBİA ilə yeni istiqamətdə əməkdaşlığı genişləndirir. Belə ki, regionlardan KOB-ların Bakıda keçirilən beynəlxalq sərgilərə cəlb edilməsinə başlanılır. KOBİA-nın dəstəyi ilə ölkənin müxtəlif regionlarından KOB-lar üçün bütün sərgilərdə iştirak etmələri məqsədilə turlar təşkil olunacaq. Bu təşəbbüs KOB-ların inkişafına, böyük biznes icmasına inteqrasiyasına, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, sahə üzrə yeniliklərlə tanış olmasına və innovasiyaların tətbiqinə töhfə verəcək.
Artıq uzun illərdir ki, “InterFood Azerbaijan” sərgisi özündə ənənəvi "Qızıl Şah 2025" Beynəlxalq Kulinariya Çempionatını qəbul edir. Sayca 5-ci olan çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. “Qızıl Şah” Çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılmış tədbirdir və beynəlxalq norma və qaydalara uyğun keçirilir.
 
2024-cü ildən etibarən “Qızıl Şah” Çempionatı beynəlxalq komandaları qəbul etmək hüququna malikdir və “Worldchefs”in Kontinental Çempionatı statusunu almışdır. Çempionat çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Malayziya, Rusiya, Sinqapur, Türkiyə və Özbəkistanı təmsil edən aşpazlardan ibarət 8 komandanın iştirakı nəzərdə tutulur. Eyni zamanda çempionatda 30-dan çox yerli komanda yarışacaq və 300-dən yuxarı aşbaz fərdi iştirakçı kimi 10-dan artıq kateqoriya üzrə mübarizə aparacaq. Çempionatın münsiflər heyəti 16 ölkədən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin lisenziyalı aşbaz-hakimlərindən ibarət olacaqdır.
Uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin aprel ayında “Caspian Event Organisers” şirkəti ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Bu anlaşmaya əsasən “InterFood Azerbaijan” sərgisi ilə "Qızıl Şah" Milli Kulinariya Çempionatı arasında əməkdaşlıq 3 il müddətinə uzadılmışdır. Eyni zamanda xeyriyyə fəaliyyəti ilə bağlı da razılaşma əldə olunmuşdur. Belə ki, bu razılaşmaya əsasən “Caspian Event Organisers” şirkətinin təşəbbüsü ilə “Damla” Xeyriyyə cəmiyyətindən kulinariya sahəsində həvəsli və istedadlı 2 gənc Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkil etdiyi kurslara qatılacaqdır. Onlar 6 ay ərzində Bakı şəhərində fəaliyyət göstərən tanınmış aşpazlardan kulinariya sənətinin sirrlərini öyrənəcək və onların nəzarəti altında təcrübə toplayacaq, sonda isə müvafiq sertifikat əldə edəcəklər.
 
“InterFood Azerbaijan” sərgisi çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların nar mövzusunda yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin xeyriyyə hərracı keçiriləcək.
Bu və digər layihələr “InterFood Azerbaijan” sərgisinin yubiley proqramının bir hissəsi olacaqdır.
Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.
 
Eləcə də sərgilərdə  iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçiriləcəkdir. Belə ki, Almaniya Milli Pavilyonunda alman şirkətlərinin məhsullarının taqdimatı baş tutacaqdır.
 
Həmçinin sərgilər çərçivəsində “müsahibə zonası” təşkil olunacaq. Bu guşədə sərgilərə dəstək göstərən dövlət qurumları və iştirakçı şirkətlərin nümayəndələrindən müsahibələr alınacaq.
 
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində ən vacib platformalardan biri olaraq, regionun əsas istehsalçı və distribütorları ilə birbaşa əlaqə qurmaq fürsəti yaradır, şirkətlər məhsul və xidmətlərini potensial müştərilərə və tərəfdaşlara nümayiş etdirmək şansı əldə edir, həmçinin ziyarətçilər müvafiq sənaye sahələrində olan ən son texnologiyalar və trendlərlə tanış olmaq imkanı qazanırlar.
Sərgilər Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılması, xarici investisiyaları cəlb edilməsinə imkan yaradır, eyni zamanda qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır.
Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq, “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcəkdir. Təşkilatçılar ümid edirlər ki, bu, sərgilərə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaqdır.
 
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.








Redaktorun seçimi