“Incat” dünyanın akkumulyatorla işləyən ən böyük gəmisini suya buraxıb

Dünyanın akkumulyatorla işləyən ən böyük gəmisi olduğu iddia edilən 130 metrlik gəmi Tasmaniya ştatının Hobart şəhərindəki “Incat” tərsanəsində suya buraxılıb.
“Seanews.az” xəbər verir ki, şirkətin açıqlamasında belə deyilir.
“Hull 096” gəmisi “Incat” zavodunda Cənubi Amerikanın “Buquebus” bərə operatoru üçün tikilmişdir.
Buenos-Ayres və Uruqvay arasında istismarı planlaşdırılan gəmi tamamilə akkumulyatorla işləyəcək və Plet çayında bir səfərdə 2100 sərnişin və 225 nəqliyyat vasitəsi daşıyacaq.
“Hull 096” gəmisi “Incat”zavodunda “Buquebus” şirkəti üçün inşa edilən doqquzuncu gəmidir.
Gəmi 250 tonluq akkumulyator və gücü 40 meqavat-saatdan çox olan enerji saxlama sistemi (“ESS”) ilə təchiz olunub. Dünyanın ən böyük analoji sistemindən dörd dəfə böyük olan “ESS” zavodun texnologiya tərəfdaşı “Wartsila” tərəfindən təchiz edilib.


