PAŞA Holding genişmiqyaslı ağacəkmə aksiyasına başlayıb

PAŞA Holding, Türkiyənin aparıcı e-ticarət platforması Trendyol şirkəti, eləcə də EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi birgə genişmiqyaslı ağacəkmə kampaniyasına start verib. Ümumilikdə, sözügedən layihə çərçivəsində 10 hektardan çox ərazidə 12.500 ədəd ağacın əkilməsi planlaşdırılır.
Aksiyanın ilkin mərhələsində, 25 aprel tarixində PAŞA Holding-in əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 500 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Bundan əlavə, Göygöl rayonunda 5.000 ədəd ağac əkilib. Növbəti ağacəkmə mövsümündə isə Lənkəran-Astara, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
Qeyd edək ki, PAŞA Holding-in bu təşəbbüsü ətraf mühitinin qorunması məqsədini daşıyır. Kampaniya çərçivəsində il ərzində ölkənin müxtəlif bölgələrində meşə və yaşıllıqların artırılması gözlənilir.


