TDT çərçivəsində güzəştli ticarət sazişinin coğrafiyası genişləndiriləcək

Hit: 189
TDT çərçivəsində güzəştli ticarət sazişinin coğrafiyası genişləndiriləcək
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində güzəştli ticarət sazişində nəzərdə tutulan malların çeşidinin genişləndirilməsi ilə paralel olaraq, bu sazişə qoşulan ölkələrin sayı da artacaq.
 
Bu barədə “vergiler.az”a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov məlumat verib.
 
Onun sözlərinə görə, Bakıda açılan Türk dövlətlərinin ticarət nümayəndəlikləri ölkələr arasında ticarət əlaqələrinin inkişafına böyük dəstək verəcəklər.
 
“ASK olaraq biz bu il Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik edirik. Bizim ən böyük məqsədlərimiz türk iqtisadiyyatları arasında əlaqələri genişləndirmək, logistikanı yüngülləşdirmək, ticarət əlaqələrini asanlaşdırmaq və bu istiqamətdə mövcud maneələri aradan qaldırmaqdır”, - Vüqar Zeynalov qeyd edib.
 
Konfederasiyasının vitse-prezidenti əlavə edib ki, təmsil etdiyi qurum həmçinin Azərbaycan biznes icmasını İslam Ticarət Palatasında da təmsil edir və bu ilin may ayında Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək.
 
“Forumda İslam Ticarət Palatasının 56 üzv ölkələrin nümayəndələri iştirak edəcək. Bunlar hamısı Azərbaycanın iqtisadiyyatının genişlənməsinə, türk dünyasının daha da güclənməsinə xidmət edən tədbirlərdir”, - Vüqar Zeynalov qeyd edib.








Redaktorun seçimi