“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” sahəsində təlim təşkil edilib. Təlim öhdəlik daşıyan şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində mövcud tələblərin tətbiqinə, bu sahədə istintaq məsələlərinə həsr olunub. Təlimdə 300-dək öhdəlik daşıyan şəxs iştirak edib.
DVX-nin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təlimin əhəmiyyətindən danışıb və öhdəlik daşıyan şəxslərin əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində üzərinə düşən məsələlər barədə ətraflı məlumat verib. Daha sonra DVX-nin Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov təlimin məqsədləri haqqında danışıb. Vurğulanıb ki, öhdəlik daşıyan şəxslərin müvafiq sahə ilə bağlı tam məlumatlandırılması və sanksiyaların zəruri maarifləndirmə tədbirləri həyata keçirilmədən tətbiq edilməməsi başlıca prioritetlərdəndir. 2025-ci ildə bu sahədə qoyulan tələblərin yerinə yetirilməsi ilə bağlı öhdəlik daşıyan şəxslərdən müvafiq addımların atılmasının gözlənildiyi, əks halda sanksiyaların tətbiq ediləcəyi iştirakçıların nəzərinə çatdırılıb.
Təlimdə Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları təlim mövzusu ilə bağlı təqdimatlarla çıxış ediblər. Təlimin davamında iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzularla bağlı izahat verilib.


