Femmes Digitales Gəncədə 10-cu Regional Mentorluq Proqramı ilə qızları həvəsləndirdi - FOTOLAR

Hit: 823
Femmes Digitales Gəncədə 10-cu Regional Mentorluq Proqramı ilə qızları həvəsləndirdi - FOTOLAR
Femmes Digitales – “Texnologiyada Qadınların Dəstəyi” İctimai Birliyi Gəncə Regional 2 nömrəli ASAN xidmət Mərkəzində regional STARTECH Konfransının 10 illik yubileyinə həsr olunmuş tədbiri uğurla təşkil etdi. Tədbirin məqsədi rəqəmsal təhsilin genişləndirilməsi və kənd bölgələrindən olan məktəbli qızların texnologiya və innovasiyaya marağını artıraraq gələcək karyera yolları kimi bu sahələri araşdırmalarına həvəsləndirmək idi.
 
“ASAN xidmət” və Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən konfransda Gəncə və ətraf kəndlərdən 12–16 yaş arası 70–80 məktəbli qız iştirak etdi. Proqram PASHA TECHNOLOGY, BESTCOMP, Fominov Consulting, B.EST Solutions və STEP IT Academy tərəfindən maliyyə dəstəyi ilə həyata keçirildi və tədbir robot texnologiyaları və süni intellekt üzrə təlimlər sahənin aparıcı mütəxəssisləri tərəfindən keçirildi. Tədbirin təşkilati dəstəyi Bloom Group, informasiya dəstəyi isə InfoCity jurnalına məxsus idi.
 
Konfrans Gəncə Regional 2 nömrəli ASAN xidmət Mərkəzinin direktoru cənab Fərid Yaqubovun açılış nitqi ilə başladı. Ardınca iştirakçılar üçün enerji ilə dolu tanışlıq sessiyası keçirildi və mentorların texnologiya sahəsində şəxsi karyera yoluna həsr edilmiş motivasiyaedici çıxışlar oldu. Məktəbli qızlar gələcəyin peşələri haqqında ətraflı məlumat əldə etdilər — hansı sahələrin inkişaf edəcəyi, hansının isə zamanla texnologiyanın inkişafı sayəsində öz əhəmiyyətini itirəcəyi barədə məlumat aldılar.
Tədbirin əsas məqamlarından biri “Real Həyatda Süni İntellekt Macəraları” adlı seminar oldu. İştirakçılar süni intellektin müxtəlif istehsal və peşə sahələrinə necə təsir göstərdiyini və dəyişdirdiyini öyrəndilər, ChatGPT üçün promptlar yaratmaq, mahnı sözləri yazmaq və süni intellekt alətləri ilə yaradıcılıqlarını sınamaq imkanı əldə etdilər. Qızlar həmçinin STEP IT Academy tərəfindən təşkil olunan “Robototexnika Qızlar Üçündür!” adlı praktiki sessiyada iştirak etdilər.
 
Bu sessiyada onlar real robotlar yığaraq, onları kodlaşdırdılar və yaratdıqları layihələri sınaqdan keçirdilər. Beləliklə, texnologiyanın əslində əlçatan, maraqlı və hər kəs üçün mümkün olduğunu kəşf etdilər.
 
Femmes Digitales İctimai Birliyinin təsisçisi və sədri Jana Krimpe tədbir zamanı iştirakçılar qarşısnda çıxış edərək qeyd etdi: “Azərbaycanın bölgələrindən gələn bu qədər parlaq qızın texnologiya sahəsində potensialını kəşf etməsi Femmes Digitales layihısinin nə üçün yaratdığımızı bizə bir daha xatırlatdı. Gəncədə keçirilən 10-cu Regional STARTECH Mentorluq Proqramı bizim üçün böyük bir mərhələ oldu — yalnız 16 möhtəşəm mentorun iştirakına görə deyil, həm də qızlardan aldığımız müsbət rəylərə görə. Onların həyəcanı, marağı və özünəinamı göz önümüzdə idi. Bu tədbir bir daha sübut etdi ki, bu kimi təşəbbüslər təkcə vacib deyil — gələcəyin qurulması üçün şərtdir. Biz real rol modellərini, praktik təcrübələri və texnologiyanın təşviqini bölgələrə gətirməklə qapıları açırıq. Biz bu qızlara göstəririk ki, texnologiya gələcəyi o qədər də uzaqda deyil — onun gələcəyi bu kimi gənclərin əlindədir. Qürur duyuram ki, birlikdə elə bir cəmiyyət qururuq ki, burada hər bir qız, haradan olmasından asılı olmayaraq, özünü lider, yenilikçi və dəyişiklik yaradan biri kimi görə bilir.”
 
STARTECH 2025 tədbiri qızların rəqəmsal biliklərini artırdı və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə gələcək STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) karyera imkanlarına dair anlayışlarını genişləndirdi. Xüsusi diqqət İKT sahəsində təhsil yollarını tanıtmağa və qızları texnologiya sahəsində böyük xəyallar qurmağa təşviq etməyə yönəldildi. Bir daha STARTECH sübut etdi ki, bu proqram kənd bölgələrindən olan məktəbli qızlar arasında texnologiyaya maraq oyatmaq üçün güclü platformadır. Tədbir ilhamverici rol modelləri təqdim etdi, praktiki rəqəmsal bacarıqlar öyrətdi və iştirakçıların texnologiya sahəsində karyera qurmağa inamını artırdı.
 
STARTECH Regional Proqramı haqqında:
2016-cı ildən həyata keçirilən STARTECH proqramı Masallı, Qəbələ, Quba, Şamaxı, Mingəçevir, Lənkəran, İsmayıllı, Şəki, Naxçıvan və indi də Gəncə olmaqla Azərbaycanda 3000-dən çox məktəbli qızı əhatə edib. Bu təşəbbüs mentorluq, real həyat nümunələri və interaktiv təlim vasitəsilə qızları İKT sahəsində peşə və ali təhsilə yönəltməkdə mühüm rol oynayır.
 
1
1
1
1
1
1








Redaktorun seçimi