Azərbaycanda qeyri-dövlət sektorunun ölkə iqtisadiyyatında payı açıqlanıb

2024-cü ildə Azərbaycanda qeyri-dövlət sektoru ümumi daxili məhsulda (ÜDM) 81,4 %, o cümlədən qeyri-neft-qaz sektorunda 76,1 %, sənaye istehsalında 81,4 %, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalında 71,8 %, xidmət sektorunda 71,9 %, kənd təsərrüfatı sektorunda isə 99,8 % paya malik olub.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.
"Bu rəqəmlər göstərir ki, sahibkarlıq dövlətin iqtisadi şaxələndirmə, dayanıqlı iqtisadiyyat hədəflərini dəstəkləyir. İş adamları suverenliyimizin və müstəqilliyimizin iqtisadi əsaslarının möhkəmlənməsinə bundan sonra da öz töhfəsini verəcək", - deyə o qeyd edib.


