“Sony Interactive Entertainment Network Europe Limited” ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi davam etdirilir. Daha bir nüfuzlu beynəlxalq şirkət elektron qaydada Dövlət Vergi Xidmətinin (DVX) Portalında vergi uçotuna alınıb. “Sony Interactive Entertainment Network Europe Limited” Şirkətinin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il aprelin 1-dən qüvvəyə minib.
Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkət tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.
“Sony Interactive Entertainment Network Europe Limited” video oyun sənayesi və rəqəmsal əyləncə xidmətləri sahəsində, eləcə də rəqəmsal məzmun və oyunların lisenziyalaşdırılması və satışı üzrə fəaliyyət göstərən beynəlxalq şirkətdir. Birləşmiş Krallıqda qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir.
Qeyd edək ki, bundan əvvəl “Apple Distribution International Limited” və “Adobe Systems Software Ireland Limited” şirkətləri də Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.


