ADRA-da 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabat iclası keçirilib

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) 2025-ci ilin ilk üç ayı ərzində ölkə üzrə açıq məkanda reklam sahəsində görülən işlərin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib. İclas Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə baş tutub.
Tədbirdə Agentliyin ərazi reklam idarələrinin rəhbərləri, struktur bölmə nümayəndələri və aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər. İclasın əsas məqsədi 2025-ci ilin 1-ci rübü ərzində açıq məkanda reklam sahəsində görülmüş işlərin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsi olub.
İclasda ərazi idarələrinin fəaliyyət hesabatları dinlənilib, o cümlədən qanunsuz reklam daşıyıcılarının aşkarlanması və aradan qaldırılması istiqamətində görülən tədbirlər, sahibkarlarla işin təşkili kimi mövzularda təqdimatlar olub.
Bildirilib ki, cari ilin 1-cü rübündə ümumilikdə 48701 obyektə baxış keçirilib, açıq məkanda 6950 reklamın yayımı dayandırılıb. 2025-ci ilin ilk 3 ayında reklam yayımlamaq üçün Agentliyə 15218 müraciət daxil olub, 85364 reklamın yayımına icazə verilib. Vurğulanıb ki, hesabat dövründə qeyri-qanuni reklamların sayı əvvəlki rüblərlə müqayisədə azalıb. Bu isə həm maarifləndirici tədbirlərin genişləndirilməsi, həm də nəzarət mexanizmlərinin gücləndirilməsi ilə əlaqələndirilib.
İdarə Heyətinin sədri Fərhad Adıgözəlov çıxışı zamanı bildirib ki, şəhər estetikası ilə uzlaşan reklam daşıyıcılarının təşviqi və rəqəmsal texnologiyaların tətbiqi yaxın dövrün əsas hədəfləri sırasındadır.
İclasda həmçinin 2025-ci ilin ikinci rübü üçün fəaliyyət planları və prioritet istiqamətlər müzakirə olunub. Ərazi idarələrinin rəhbərlərinə tapşırıqlar verilib.


