Bu ilin I rübünün yekunlarına dair “Təhlükəsizlik Günü” keçirilib

Hit: 163
Bu ilin I rübünün yekunlarına dair “Təhlükəsizlik Günü” keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) bütün struktur bölmələrin nümayəndələrinin iştirakı ilə 2025-ci ilin I rübünün yekunlarına dair “Təhlükəsizlik Günü” baş tutub.
 
Toplantının açılışını ASCO-nun Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Departamentinin (KSƏTƏMM) rəisi Rüstəm Ağayev edib. O, rüb ərzində qeydə alınmış təhlükəsizlik, sağlamlıq, yanğın və ekologiya ilə bağlı nöqsanlara toxunub, onların səbəbləri və nəticələri barədə geniş izah verib.
 
Çıxış zamanı “Müşahidə kartları” sisteminin fəaliyyəti, təşkil olunan yerli və beynəlxalq təlimlər, eləcə də dövri təhlükəsizlik bülletenlərinin məzmunu da diqqətə çatdırılıb.
 
Daha sonra struktur bölmələrin nümayəndələri öz rüblük fəaliyyətlərinə dair məlumatları bölüşüblər.
 
Tədbirdə çıxış edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev istehsalat proseslərində təhlükəsizliyin daim prioritet olduğunu xüsusi qeyd edərək, aşkarlanmış nöqsanların operativ şəkildə aradan qaldırılmasının vacibliyini ön plana çəkib. O, SƏTƏMM mədəniyyətinin gücləndirilməsini əməkdaşların sağlamlığı və dövlət əmlakının qorunması baxımından əsas amillərdən biri kimi dəyərləndirib və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
 
İnteraktiv formatda keçirilən “Təhlükəsizlik Günü” çərçivəsində “Göyərtədən kənarda və ya yüksəklikdə iş” mövzusuna həsr olunmuş təlim də təşkil olunub.








Redaktorun seçimi