bp və tərəfdaşlarının icmaların inkişafına dəstəyi davam edir

Hit: 344
bp və tərəfdaşlarının icmaların inkişafına dəstəyi davam edir
bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” adından elan edir ki, əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş daha üç sosial layihə uğurla başa çatıb.
 
Şirkətdən Faktor.az-a bildirilib ki, layihələr bp və tərəfdaşlarının yerli icmaları dəstəkləmək, ölkənin təhsil və texnologiya sahəsində inkişafına töhfə vermək öhdəliyinin bir hissəsidir.
 
Bu üç layihənin uğurla başa çatmasını qeyd etmək üçün bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bp və tərəfdaşlarının bir qrup nümayəndəsi ilə birlikdə aprelin 14–16-da Kürdəmir, Gəncə və Tovuza səfər edib.
 
Bəxtiyar Aslanbəyli deyib: “bp və tərəfdaşları boru kəmərləri boyunca güclü və dayanıqlı icmaların formalaşması üçün öz dəstəklərini davam etdirirlər. Ölkənin dayanıqlı gələcəyinə birlikdə töhfə vermək istəyimizə uyğun olaraq, icmalara bu davamlı dəstəyimiz onların rifahının və inkişafının təmin edilməsinə xidmət edir. İnanırıq ki, bu gün uğurunu qeyd etdiyimiz hər üç layihə əməliyyatlarımızın qonşuluğunda yerləşən icmaların rifahına və inkişafına ciddi dəstək olacaq.”
 
Tamamlanmış üç layihə aşağıdakılardır:
 
1. bp və tərəfdaşlarının birgə layihəsi olan “Məcburi köçkünlər üçün peşə bacarıqlarının inkişafı” proqramı.
 
Layihənin əsas məqsədi Qarabağdan olan keçmiş məcburi köçkünləri peşə bacarıqları ilə təmin etməklə, 30 illik işğaldan sonra öz evlərinə qayıtdıqda onların gəlir imkanlarını artırmaq idi. Layihə Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Proqramda iştirak edən 25 qadın məcburi köçkün xüsusi təlim keçməklə dərzi və vizajist peşələri üzrə sertifikatlar alıblar. Peşə təlimi ilə yanaşı, iştirakçılara biznesin idarə edilməsi və inkişafı metodları da öyrədilib.
 
Azərbaycan hökumətinin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq, layihə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlarda evlərinə qayıdaraq firavan və dayanıqlı həyat qurmalarını nəzərdə tutan "Böyük Qayıdış" təşəbbüsünü dəstəkləyir.
 
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin dəyəri 77090 AZN (təxminən 45347 ABŞ dolları) təşkil edib
 
2. bp və tərəfdaşlarının “Gəncə Texnologiya Universitetində kibertəhlükəsizlik sahəsində potensialın artırılması” layihəsi.
 
Layihənin məqsədi dövlət və özəl sektordan olan şəxslər və təşkilatlar da daxil olmaqla, müxtəlif maraqlı tərəflərin kibertəhlükəsizlik risklərinə qarşı mübarizə aparmaq üçün bilik, bacarıq və səriştələrlə təmin edilməsidir. Layihə çərçivəsində Azərbaycan Texnologiya Universitetində yeni elmi-metodoloji tədqiqat və təlim mərkəzi yaradılıb ki, bu da universitetin və bütövlükdə Gəncə-Qazax iqtisadi regionunun kibertəhlükəsizlik potensialını artırmağa xidmət edəcək.
 
Layihənin dəyəri, zəruri avadanlıq və proqramların alınması da daxil olmaqla, 72200 AZN-dən (42 475 ABŞ dolları) çox təşkil edib.
 
3. bp-nin ayrıca layihəsi olan “Tovuz rayonunda ənənəvi su mənbələrinin bərpası” proqramı.
 
Layihənin əsas məqsədi Tovuz rayonunun Aşağı Quşçu kəndi yaxınlığında yerləşən Dovşanlı və Məhəmmədağalı kəhrizlərinin bərpası vasitəsilə təmiz suya çıxışın azalması problemini həll etmək idi. Layihə 2024-cü ildə kəhriz ustalarının – kankanların təlimi ilə başlayıb. Bundan sonra, iyun ayında hər iki kəhriz sisteminin təmizlənməsi və stabilləşdirilməsi üçün bərpa işlərinə başlanıb. Hazırda bu işlər uğurla başa çatıb və təxminən 15 000 nəfərdən ibarət Aşağı Quşçu icması təmiz su ilə təmin edilib.
 
Dovşanlı kəhrizinin suyu boru sistemləri vasitəsilə kəndə yönəldilib və hazırda məişət ehtiyacları üçün istifadə olunur.
 
Məhəmmədağalı kəhrizinin suyu isə kəndin əkin sahələrinə yönəldilib və 636 hektar icma torpaqlarının suvarılması üçün istifadə edilir. “Puls-R” MMC tərəfindən həyata keçirilən layihə ümumi dəyəri 1 282 227 AZN (754 251 ABŞ dolları) olan “İcma tərəfindən idarə olunan su sistemləri” proqramının bir hissəsidir.








Redaktorun seçimi