Hesablama Palatasının ötənilki büdcəsinin icra səviyyəsi - 80,5 % olub

Hit: 310
Hesablama Palatasının ötənilki büdcəsinin icra səviyyəsi - 80,5 % olub
2024-cü ildə Hesablama Palatasının büdcəsinin icrası 80,5 % təşkil edib.
 
"Report" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
 
Sənədə əsasən, ötən il qurum üçün dövlət büdcəsində ilkin olaraq 11 milyon 424,6 min manat vəsait təsdiq olunub. Büdcəyə yenidən baxılma zamanı Palatanın xərcləri üzrə iqtisadi təsnifatın bəzi istiqamətləri dəyişdirilərək büdcə göstəricilərinə yenidən baxılıb və təsdiq edilib. İcra prosesi ərzində də əlavə dəyişikliklər həyata keçirilib.
 
Bu dəyişikliklərin ümumi məbləği 52,7 min manat təşkil edib və ştatda olan və ştatdankənar işçilərin əməkhaqqı, istilik enerjisi (yanacaq), internet xidməti haqları, xarici ezamiyyətlər və dəfn müavinətlərini əhatə edib. Sözügedən dəyişikliklərin təsdiqlənmiş xərclər smetasına nisbəti isə 0,5 %-dən az olub.
 
Bununla yanaşı, Hesablama Palatasına dövlət büdcəsinin bölüşdürülməmiş xərc istiqamətləri çərçivəsində 161,7 min manat əlavə vəsait ayrılıb. Bu vəsaitin 159 min manatı iki beynəlxalq tədbirin keçirilməsi, 2,7 min manatı isə nəqliyyat vasitələrinin icbari sığortası üçün yönəldilib.
 
Beləliklə, bütün dəyişikliklər nəzərə alınmaqla Hesablama Palatası üçün 2024-cü ildə ümumilikdə 11 milyon 586,3 min manat vəsait nəzərdə tutulub. Həmin vəsaitin kassa icrası 9 milyon 332,3 min manat olub. Bu isə büdcənin 80,5 % icra olunduğunu göstərir.
 
İcra səviyyəsinin ilkin təsdiqlənmiş göstəricilərdən aşağı olması vakant vəzifələrin mövcudluğu, bəzi satınalmalarda qalib təşkilatların təkliflərinin gözləniləndən ucuz olması, dövlət tərəfindən tənzimlənən qiymətlərin (məsələn, yanacaq) dəyişməsi və yeni tətbiq edilən ekoloji təmiz həllər hesabına qənaətlə izah olunur. Bu hallar yalnız əməkhaqqı deyil, həm də malların və xidmətlərin satın alınması və qeyri-maliyyə aktivlərinə aid xərclərdə də qənaətin yaranmasına səbəb olub.








Redaktorun seçimi