Azərbaycanda startap və innovasiyalar üçün dəstək mexanizmləri özünü doğruldurmu?

Hit: 306
Azərbaycanda startap və innovasiyalar üçün dəstək mexanizmləri özünü doğruldurmu?
Son illər Azərbaycanda startap və innovasiyalar üçün əlverişli mühit yaradılıb, onlar üçün xüsusi dövlət dəstəyi, beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmalar, həm maliyyə, həm infrastruktur, həm də institusional baxımdan müxtəlif dəstək mexanizmləri tətbiq edilir.
 
Onların əsas məqsədi yerli innovasiya məhsullarının xarici bazarlara çıxışını təmin etmək, ölkəyə xarici investorların cəlb edilməsidir. Bəs bu mexanizmlər özünü nə dərəcədə doğruldur? “Report” mövzu ilə bağlı araşdırma aparıb.
 
"Startapçılar xaricə can atır"
 
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov bildirir ki, bu gün bir çox startapçılar özlərini xarici ölkələrdə reallaşdırmağa çalışır: "Bu da səbəbsiz deyil. Çünki, dövlət qurumları əsasən uğurlu layihələrə diqqət yetirirlər. Hər 10 layihədən də 1-i uğurlu olur. Halbuki, bütün layihələrə diqqət ayrılmalıdır ki, onlar vətəndə inkişaf etməyə çalışsınlar. Əgər bu yanaşma dəyişməsə, Azərbaycandan kənarda doğulmuş və böyümüş "unicorn"lar formalaşacaq".
 
"Bu sahə vergi bazası olmamalıdır"
 
Ekspert əlavə edib ki, dövlət bu sahəyə sadəcə vergi bazası kimi deyil, strateji bir sahə kimi yanaşmalıdır: “Startap ekosisteminin inkişafı üçün vəsait ayırmaq kifayət deyil – burada çevik qərarvermə, sadələşdirilmiş prosedurlar və uzunmüddətli baxış vacibdir. Azərbaycanın startap ekosistemi beynəlxalq investorlar üçün artıq daha cəlbedici görünür. Mövcud vençur fondları, akselerasiya proqramları, innovasiya mərkəzləri və "roadshow" təşəbbüsləri bunu deməyə əsas verir. Lakin qarşıda duran əsas məsələ – ekosistemin davamlılığını təmin etmək, yeni sahibkarların inamını qorumaq, dövlətin texnoloji innovasiyaya uzunmüddətli strategiya ilə yanaşmasını təmin etməkdir.Əgər bu sahəyə dair mexanizmlər daha çevik və şəffaf formalaşdırılsa, Azərbaycanda da "unicorn"ların yetişməsi arzu olaraq qalmayacaq”.
 
"Vençur fondları startaplara dəstək olur"
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həyata keçirilən tədbirlər ekosistemin əsas dayağını təşkil edir: “Son iki ildə dövlət dəstəyi ilə müxtəlif fondlar, proqramlar və mərkəzlər formalaşdırılıb. Bu sahədə ən mühüm addımlardan biri vençur fondlarının yaradılması olub. “Caucasus Ventures” bu günə qədər 25 startapa ümumilikdə 1,5 milyon ABŞ dolları investisiya yatırıb. Bundan əlavə, 2024-cü ildə istifadəyə verilmiş “Inmerge Ventures” 4 milyon ABŞ dolları aktivə sahibdir. Bu fondlar yerli startaplara ilkin mərhələdə mühüm dəstək olmaqla yanaşı, onların beynəlxalq arenada təqdimatı üçün platforma da yaradır”.
 
"Roadshow" layihəsi icra olunur
 
“Azərbaycan Startaplarının İnvestorlara Təşviqi və Çıxışı” ("roadshow") layihəsi çərçivəsində London, Varşava, İstanbul, Barselona və digər şəhərlərdə tədbirlər təşkil edilib. Bu tədbirlər vasitəsilə startaplar beynəlxalq investorlarla görüşür, öz məhsullarını təqdim edir və tərəfdaşlıq imkanları əldə edirlər. Bununla yanaşı, texnologiya sahəsində fəaliyyət göstərən azərbaycanlı diaspora nümayəndələri ilə şəbəkələşmə tədbirləri təşkil olunur. Məqsəd diaspora vasitəsilə startapların xarici bazarlarda tanıdılması və onların investisiya şəbəkəsinə qoşulmasını təmin etməkdir", - deyə məlumatda qeyd olunub.








Redaktorun seçimi