Niyaz İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Salman Babazadə ilə görüş keçirib.
Görüş zamanı Niyaz İsmayılov “Yüksəliş” müsabiqəsinin potensiallı kadrların peşəkar inkişafına verdiyi töhfədən bəhs edərək proqramın qaliblərə praktiki biliklər qazanmaq, liderlik bacarıqlarını inkişaf etdirmək və biznes mühitində real təcrübə əldə etmək üçün mühüm imkanlar yaratdığını vurğulayıb. O, sığorta sektorunun inkişaf dinamikası, rəqəmsal transformasiya, risklərin idarə olunması, innovativ həllər və müasir tendensiyalar barədə ətraflı məlumat verib.
Salman Babazadə Mentorluq Proqramının onun karyera inkişafına verdiyi töhfələri qeyd edərək sığorta bazarında müasir çağırışlara uyğun yeni yanaşmalar barədə fikirlərini bölüşüb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.


