Əmək hüquqlarını pozan “Elay İnşaat” MMC cərimələnib

Hit: 250
Əmək hüquqlarını pozan “Elay İnşaat” MMC cərimələnib
Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir.
 
Nəsimi Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, “Elay İnşaat” MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
 
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 2 şəxsin Nəsimi rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.
 
Eyni zamanda, cəmiyyətin direktoru İmanov Elçin Yağub oğlu barəsində həmin məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3000 manat məbləğində cərimələnib.








Redaktorun seçimi