Qarabağda və Şərqi Zəngəzurdakı sənaye zonalarında yeni qeyri-rezident qeydə alınıb

“Qarabağ İnşaat Mərkəzi” MMC İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının qeyri-rezidenti kimi qeydiyyata alınıb.
Bu barədə “Report”un sorğusunun cavabında agentlikdən bildirilib.
Məlumata görə, bununla da Ağdam Sənaye Parkında qeyri-rezidentlərin sayı 5-ə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə qeyri-rezidentlərin sayı 3-ə çatıb.
Ümumi dəyəri 9 milyon manat olan layihələr çərçivəsində bu iki sənaye parkında tikinti materiallarının satış mərkəzlərinin qurulması nəzərdə tutulur.
Ağdam Sanaye Parkında 33 rezident qeydiyyata alınıb. 2024-cü ildə Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 22,3 milyon manat dəyərində məhsul istehsal edilib, bunun 20 min manatlıq hissəsi ixrac olunub.
"Araz Vadisi İqtisadi Zonası" Sanayə Parkında isə 17 rezident qeydiyyata alınıb. Onların 1-i fəaliyyət göstərir.


