Azərbaycanda aparılan nağdsız əməliyyatların həcmi rekord həddə çatıb

Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 2020-ci ilin sonu ilə müqayisədə 107,9 faiz (2,1 dəfə) və ya 10 milyon 327 min 571 ədəd artaraq 20 milyona çatıb. Son bir ildə Azərbaycanda istifadədə olan bank kartlarının sayı 17,6 faiz və ya 2 milyon 973 min 578 ədəd artaraq 19 milyon 898 min 735 ədəd olub. Hər il sürətlə artan bank kartlarının sayı artıq əhalinin sayından 2 dəfəyə yaxın çoxdur.
Media Təhlil Mərkəzindən (MTM) Faktor.az-a bildirilib ki, 2020-2024-cü illərdə Azərbaycanda istifadədə olan debet və kredit kartlarının ayrı-ayrılıqda sayına baxsaq, dövriyyədə olan debet kartların sayının kredit kartlarına nisbətən daha sürətlə artdığını görərik. Bu, həm əməkhaqqı, pensiya və digər ödənişlər üçün ayrılan kartların məhz debet kart olması, həm də bu kartları əldə etmək üçün şərtlərin kredit kartları ilə müqayisədə daha asan olması ilə bağlıdır.
2024-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda istifadədə olan debet kartlarının sayı 17 milyon 642 min 376 təşkil edib və bu, son bir ildə dövriyyədə olan debet kartlarının sayının 19,9 faiz və ya 2 milyon 932 min 903 ədəd artması deməkdir.


