Bu gün Gürcüstan ölkəmiz üçün əsas tranzit ölkələrdən biri hesab edilir - ŞƏRH

Hit: 254
Bu gün Gürcüstan ölkəmiz üçün əsas tranzit ölkələrdən biri hesab edilir - ŞƏRH
Hazırda müasir dünyada baş verən proseslər, müharibələr fonunda inkişafı, regional və beynəlxalq inteqrasiyanı qarşısına hədəf qoyan, əsas prioritetlər hesab edən dövlətlərin öz xarici siyasətlərinə, qonşuluq və regional münasibətlərinə yenidən nəzər salmalarını zəruri edir. Bu mənada yerləşdiyi regionun hərtərəfli lider ölkəsi olan Azərbaycanın xarici siyasətdə sərgilədiyi münasibətlər, qonşuları ilə əlaqələrindəki yanaşma əsl nümunə hesab edilə bilər.
 
Bu mənada tarixən qonşu olduğumuz Gürcüstanla münasibətlərimiz hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyıb. İki ölkə arasındakı münasibətlər hər zaman xalqlarımızın milli maraqlarına xidmət edib. Bu gün bir-birini təkcə qonşu deyil, həm də dost ölkələr kimi qəbul edən dövlətlərimiz münasibətlərini çoxsaylı iqtisadi layihələrlə dəstəkləyirlər.
 
Bu gün Gürcüstan ölkəmiz üçün əsas tranzit ölkələrdən biri hesab edilir. Azərbaycan demək olar ki, həyata keçirdiyi əksər enerji və nəqliyyat kommunikasiya layihələrini Gürcüstan üzərindən reallaşdırır. Faktdır ki, bu ölkə coğrafi mövqe baxımından Azərbaycan üçün hazırda Qərbə doğru ən münasib, ən sərfəli və ən etibarlı nəqliyyat logistika rolunu oynayır.
 
Aydındır ki, Gürcüstan da Azərbaycanla münasibətlərin bu səviyyəsindən məmnundur. Bu günlərdə Gürcüstanın yeni seçilmiş Baş naziri İrakli Köbaxidzeni qəbul edən cənab İlham Əliyev bir çox məsələlərlə yanaşı bu məqama da xüsusi diqqət çəkdi. Nitqində bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizindən çoxunun Azərbaycan mənşəli olduğunu bilidirən Ölkə başçısı əlaqələrimizin səviyyəsinin strateji məqamlara əsaslandığını vurğuladı. Bu gün Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə qoyan, eyni zamanda həmin ölkənin büdcəsinə ən çox vergi ödəyən xarici şirkətlər məhz Azərbaycanı təmsil edən şirkətlərdir.
 
Ölkələrimiz arasında olan münasibətlər təkcə iqtisadi məsələlərlə yekunlaşmır. Bu gün mədəni və humanitar münasibətlər də inkişaf etməkdədir. Ölkələrimiz arasında demək olar ki, həyatın bütün sferalarında qarşılıqlı münasibətlər sistemi mövcuddur. Xüsusi vurğulanmalı məqamlardan biri də hər iki ölkənin bütün beynəlxalq platformalarda hər zaman bir-birlərinin haqq işlərini dəstəkləmələridir. Belə ki, Azərbaycan və Gürcüstan qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü hər zaman qeyd-şərtsiz tanıyıblar. Artıq dörd ildən çoxdur ki, Azərbaycan regionda yeni reallıqlar formalaşdırıb. Hər zaman tərəqqinin, inkişafın, inteqrasiyanın tərəfdarı olan ölkəmiz regiona əbədi sülhün gəlməsinin tərəfdarı və təşəbbüskarıdır. Bu mənada dost Gürcüstanın sərgilədiyi mövqe Azərbaycan tərəfindən təqdir edilir. İnanırıq ki, Ermənistan və onun siyasi rəhbərliyi yaranmış tarixi fürsətdən istifadə edəcək, Gürcüstanla Azərbaycan arasında olan münasibətlərdən nümunə götürərək, regional inkişafda pay sahibi olacaqdır. 
 
Daşqın İmanov;
Neftçala rayonu, Şəhid atası
 
 








Redaktorun seçimi