İqlim dəyişikliyi və Kənd Təsərrüfatının qarşılıqlı təsiri

Hit: 1453
İqlim dəyişikliyi və Kənd Təsərrüfatının qarşılıqlı təsiri
1-ci hissə
 
Sağlam, davamlı və əlçatan qida sistemləri dünyanın inkişaf məqsədlərinə çatmaq üçün çox vacibdir. Kənd təsərrüfatının inkişafı ifrat yoxsulluğa son qoymaq, ümumi rifahı artırmaq və 2050-ci ilə qədər proqnozlaşdırılan 10 milyard insanı qida ilə təmin etmək üçün ən mühüm vasitələrdən biridir. Yoxsul təbəqələr arasında gəlirlərin artırılmasında kənd təsərrüfatı sektoru digər sektorlarla müqayisədə iki-dörd dəfə daha effektivdir.
 
Birləşmiş Ştatların Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yeni araşdırmasına görə, 2019-cu ildə dünyanın aqro-ərzaq sistemləri ilə təxminən 1,23 milyard insan məşğul olub və bu rəqəmin üç dəfədən çoxu, yəni dünya əhalisinin demək olar ki, yarısı aqro-ərzaq sistemləri ilə əlaqəli ev təsərrüfatlarında yaşayır. Azərbaycanda isə 2022-ci ilin məlumatına görə məşğul əhalinin təqribən 35.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərir.
2021-ci ildə dünyanın ümumi kənd təsərrüfatı torpaqları 4,8 milyard hektar, yəni qlobal torpaq sahəsinin 30 faizini (üçdə birini) təşkil edib. Əkin sahələri 1,6 milyard hektar, daimi çəmənliklər və otlaqlar 3,2 milyard hektar ərazini əhatə etmişdir. Azərbaycanın isə 8,64 milyon hektar təşkil edən ümumi ərazisinin 55 faizi və ya 4,78 milyon hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır (Ümumi 8.64 mln hektar ərazidə əkin 23.7, çoxillik əkmələr 3.2, biçənək və örüş-otlaqlar 27.9, meşələr 12 faizdir). Kənd təsərrüfatı təyinatlı torpaqların 2.05 milyon hektarı əkin torpaqlarıdır. Azərbaycan torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Belə ki, ölkədə hər nəfərə düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi 0,47 hektar, o cümlədən əkin yeri 0,20 hektar təşkil edir. 
 
Kənd təsərrüfatı iqtisadi artım üçün də mühüm əhəmiyyət kəsb edir. O, dünya üzrə qlobal ümumi daxili məhsulun (ÜDM) 4%-ni təşkil edir və bəzi ən az inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 25%-dən çoxunu təşkil edə bilir. 2022-ci ilin statistik məlumatlarına əsasən Azərbaycanda ümumi daxili məhsulda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payı 4.8 faiz təşkil etmiş, kənd təsərrüfatının ümumi məhsulu 11 milyard manata yaxın olmuşdur. Bunun da təqribən 5.4 milyard manatı heyvandarlıq, 5.6 milyard manatı bitkiçilik məhsullarının payına düşmüşdür. 
 
Lakin kənd təsərrüfatına əsaslanan artım, yoxsulluğun azaldılması və ərzaq təhlükəsizliyi risk altındadır. COVID-19 ilə əlaqəli fasilələrdən tutmuş iqlim dəyişikliyi, ekstremal hava şəraiti, zərərvericilər və münaqişələrə qədər bir çox hallar qida sistemlərinə mənfi təsir göstərir. Münaqişələr, iqlim dəyişikliyi və yüksək ərzaq qiymətləri “ərzaq və qida təhlükəsizliyi”nə əhəmiyyətli zərbə vurur, milyonlarla insanı ifrat yoxsulluğa sürükləyir və çətinliklə əldə edilən inkişaf uğurlarını puç edir. 2024-cü il Ərzaq Böhranları üzrə Qlobal Hesabata (GRFC) görə 2023-cü ildə 59 ölkədə 281,6 milyondan çox insan təcili yardım tələb edən yüksək səviyyəli kəskin ərzaq çatışmazlığı ilə üzləşib. 1997-99-cu illərdə isə inkişaf etməkdə olan ölkələrdə təqribən 777 milyon nəfər (əhalinin 17 faizi) qida çatışmazlığı halları ilə üzə-üzə olub.
Kənd təsərrüfatı iqlimə çox həssasdır. O, həmçinin iqlimin təsir etdiyi torpaq, su və digər təbii ehtiyatlardan yüksək dərəcədə asılıdır. İqlim dəyişiklikləri (yüksək temperatur, yağıntı və şaxta  kimi) vegetasiya mövsümünü uzatsa və ya bəzi bölgələrdə müxtəlif məhsulların yetişdirilməsinə imkan versə də, digər yerlərdə kənd təsərrüfatı fəaliyyətini çətinləşdirir.
 
Gələcəkdə iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri baş verən dəyişikliyin sürəti və şiddətindən, həmçinin fermer və maldarların bu dəyişikliklərə uyğunlaşma dərəcəsindən asılı olacaq.
 
İqlim dəyişikliyinin kənd təsərrüfatına təsirlərini aşağıdakı kimi xarakterizə etmək olar. Birincisi iqlim dəyişikliyinin kənd təsərrüfatındakı məhsuldarlığa etdiyi təsirdir. Növbəti 100 il ərzində artan karbon dioksid və ozon səviyyələri ilə qlobal temperaturun 2°-dən 4°C-yə qədər yüksələcəyi proqnozlaşdırılır. Quraqlıq, istilik dalğaları və qeyri-sabit yağış kimi ekstremal hava hadisələri də daha çox yayılacaq. İqlim dəyişikliyi müxtəlif regionlarda məhsul yetişdirmək üçün şəraiti müsbət və ya mənfiyə doğru dəyişə bilər. Məsələn, temperatur, yağış və şaxtasız günlərin dəyişməsi bitkinin böyümə periodunun uzanmasına səbəb olur. Bu, qida məhsullarının artırılmasına həm müsbət, həm də mənfi təsir göstərə bilir. Belə ki, bəzi fermerlər daha uzun müddətdə yetişən məhsullar əkə bildiyi halda, digərləri daha uzun və isti vegetasiya dövründə daha çox suvarma işləri görməli olurlar. Ehtimal olunur ki, tropik bölgələrdə temperaturun yüksəlməsi məhsul istehsalına mənfi təsir göstərəcək. Sub-sahara Afrikası və Cənubi Asiyanın marjinal, yarı quraq ərazilərində isti və quraqlıq səbəbindən isə məhsul istehsalı artıq mümkün olmaya bilər. İqlim dəyişikliyi ssenarilərinin mənfi təsirlərinə cavab vermək üçün davamlı məhsuldarlıq üçün iqlimə uyğun ağıllı və davamlı kənd təsərrüfatı təcrübələri və texnologiyalarının optimallaşdırılmasına ehtiyac var.
Havanın istixana qazları ilə çirklənməsi əkin, bitki və meşələrə də zərər verir. Məsələn, bitkilərin yer səviyyəsində böyük həcmdə ozonu udması fotosintezin azalması, böyümənin ləngiməsi və xəstəliklərə qarşı həssaslığın artmasına səbəb olur. Belə ki, troposferdə ozon qazının artması bitkilər üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Ozon hazırda ətraf mühitimizdə ikinci ən vacib qaz çirkləndiricisi hesab olunur. Ozonun fitotoksik potensialı ilk dəfə 1958-ci ildə B.L.Riçards və iş yoldaşları tərəfindən üzüm yarpaqlarında müşahidə edilmişdir. Bu günə qədər qeyri-davamlı resurslardan istifadə ozon qazını qlobal iqlim dəyişikliyinin əsas komponentinə və kənd təsərrüfatı istehsalı üçün əsas təhlükəyə çevirmişdir. Ozonun artacağı proqnozlaşdırılan səviyyələr kritik dərəcədə həyəcanvericidir və kənd təsərrüfatı mütəxəssisləri, bioloqlar, ekoloqlar və digərləri üçün əsas narahatlıq doğuran problemə çevrilmişdir, çünki bitkilər ozonun ən rahat hədəfidir.
Ozon stomata (bitkilərin nəfəs alması üçün yarpaqlardakı çox kiçik ağızcıqlar) vasitəsilə bitkilərə daxil olur, burada apoplastik mayedə həll olur. Ozon bitkilərə bir neçə potensial təsir göstərir: hüceyrə membranları ilə birbaşa reaksiya; ROS-a (reactive oxygen species - ROS daimi olaraq plastidlərdə, peroksizomlarda, mitoxondriyalarda, sitozolda və apoplastda əmələ gəlir. ROS istehsalı və təhlükəsiz detoksifikasiya arasında balanssızlıq oksidləşdirici stress yaradır və yığılan ROS bitkilər üçün zərərlidir) və H₂O₂-a (hidrogen peroksid) çevrilmə (hüceyrə ölümünə səbəb olaraq hüceyrə funksiyasını dəyişdirir); vaxtından əvvəl qocalmanın induksiyası; eləcə də, genlər, zülallar və metabolitlər kimi həssas komponentlərin induksiyası. 
 
İqlim dəyişikliyi yanğın aktivliyinin artmasının da əsas səbəblərindən biridir. Meşə yanğınları iyirmi il əvvəl olduğundan bu gün ən azı iki dəfə daha çox ağac örtüyünü yandıraraq daha sürətlə genişlənir. Həddindən artıq isti dalğaları bu gün 150 il əvvəlkindən 5 dəfə çoxdur və istiləşmə davam etdikcə daha da çoxalacağı gözlənilir. 
 Merilend Universitetinin tədqiqatçılarının 2001-2023-cü illəri əhatə etmək üçün bu yaxınlarda yenilənmiş məlumatlarından istifadə edərək, meşə yanğınlarının yandırdığı ərazinin bu müddət ərzində ildə təxminən 5,4% artdığı müəyyən olunur. Meşə yanğınları indi 2001-ci ilə nisbətən hər il təxminən 6 milyon hektar daha çox ağac örtüyü itkisi ilə nəticələnir - təxminən Xorvatiya ölçüsündə bir ərazi.
 
Yanğın, həmçinin mədənçilik və meşə təsərrüfatı kimi digər sahələrlə müqayisədə qlobal ağac örtüyü itkisinin daha böyük hissəsini təşkil edir. Bütün ağac örtüyü itkisinin 2001-ci ildə təxminən 20%-i, hazırda isə təxminən 33%-i yanğınlar nəticəsində baş verir.
 
Kanadada meşə yanğınları 2023-cü il dünya üzrə yanğınla əlaqəli ağac örtüyü itkisinin təxminən üçdə ikisini (65%) və bütün ağac örtüyü itkisinin dörddə birindən çoxunu (27%) təşkil edib. Həmin yanğın zamanı 7,8 milyon hektar ağac örtüyü yanıb, bu, ölkənin 2001-2022-ci illər üçün illik orta göstəricisindən təxminən 6 dəfə çoxdur. Meşələr yandıqca atmosferə təxminən 3 milyard ton karbon qazı buraxılıb - bu, təxminən Hindistanın (dünyanın üçüncü ən böyük emissiyaçısı) 2022-ci ildə qazıntı yanacaqlarının istifadəsi nəticəsində əmələ gətirdiyi karbonun miqdarına bərabərdir.
2021-ci ildə Rusiyada yanğınla əlaqədar 5,4 milyon hektar ağac örtüyü itkisi qeydə alınıb ki, bu da bu ölkə üçün son 23 ildə ən yüksək hədd hesab olunur.
2001 və 2023-cü illər arasında yanğınla əlaqədar bütün ağac örtüyü itkisinin böyük əksəriyyəti - təxminən 70% - boreal bölgələrdə baş verib. Bu ərazilərdə yanğınla əlaqədar ağac örtüyü itkisi son 23 ildə təxminən 3,6% (138,000 hektar) artmışdır. Bu, 2001-2023-cü illər arasında ümumi qlobal artımın təxminən yarısıdır. Boreal meşələr yer üzündəki bütün karbonun 30-40%-ni saxlayır, bu da onları planetin ən böyük karbon anbarlarından birinə çevirir.
Tropik meşələrdə də yanğınlar artır. Son 23 il ərzində tropiklərdə yanğınla əlaqədar ağac örtüyü itkisi ildə təxminən 9% (41,500 hektar) artdı və 2001-2023-cü illər arasında ümumi qlobal artımın təxminən 15%-ni təşkil etdi.
 
Mülayim və subtropik meşələrdə baş verən yanğınlar 2001-2023-cü illər arasında yanğınla bağlı bütün ağac örtüyü itkisinin 15%-ni təşkil edib. Lakin məlumatlar göstərir ki, bu bölgələrdə yanğınlar mütəmadi olaraq artmaqdadır.
Statistik məlumatlara görə Azərbaycanda 2022-ci ildə meşə yanğınlarının sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artaraq 66 olmuş, yanğın 869.2  hektar ərazini əhatə etmişdir. Meşə yanğınları həmçinin əkin sahələri, otlaq və yaylaqlar üçün də böyük risklər yaradır.
Meşələr yanan zaman ağacların gövdələrində, budaqlarında və yarpaqlarında yığılan karbonu, həmçinin torpaqda yerin altında yığılan karbonu buraxırlar. Meşə yanğınları böyüdükcə və daha tez-tez baş verdikcə, daha çox karbon buraxaraq, iqlim dəyişikliyini daha da şiddətləndirir və "yanğın-iqlim əks əlaqəsi" çərçivəsində daha çox yanğına səbəb olur.
 
Temperatur və yağıntının dəyişməsi həmçinin həşərat, zərərverici, alaq otları və xəstəliklərin baş verməsi və yayılmasına şərait yaradır. 
İqlim dəyişikliyi bitkilərin tozlanmasına da təsir göstərir. Yetişdirilən yüzlərlə məhsul üçün tozlanma həyati əhəmiyyət kəsb edir. Bitkilərin çiçəklənməsi ilə tozlandırıcıların meydana çıxması arasında uyğunsuzluqlar baş verərsə, tozlanma azala bilər. Belə ki, daha isti temperatur və dəyişən yağıntı bitkilərin çiçək açdığı, arılar və kəpənəklər kimi tozlandırıcıların çıxdığı zaman proseslərə mənfi təsir edir.
İkincisi iqlim dəyişikliyinin torpağa və su resurslarına etdiyi təsirdir. İqlim dəyişikliyinin bir çox regionlarda güclü yağıntıların tezliyini artıracağı gözlənilir ki, bu da torpağı eroziya etməklə və torpağın qida maddələrini tükəndirməklə məhsullara zərər verir. Güclü yağışlar həmçinin okeanlara, göllərə və çaylara kənd təsərrüfatı axınını artırır. Bu axıntı suyun keyfiyyətinə zərər vurur.
 
Bəs kənd təsərrüfatının axıdılması nədir? Bu, yuxarıda təsvir edilən su çirklənməsi növüdür, fermalarda, təsərrüfatlarda yaranır. Yağış, ərimiş qar və ya suvarma suyu lazımi şəkildə torpaq tərəfindən udulmadığı zaman axıntı baş verir. Su yerin üzərində hərəkət edərək, yol boyu təbii və süni çirkləndiriciləri özü ilə götürür. Nəhayət, həmin çirkləndiricilər sahilyanı su yollarına, göllərə, çaylara və hətta yeraltı içməli su mənbələrinə yığılır.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) bildirir ki, tədqiq edilən çay və göllərdə əsas pozuntu mənbəyi bu axıntılardır. Məsələləri çətinləşdirən fakt budur ki, bu cür axıntının vahid mənbəyi yoxdur - fermerlər sadəcə bir dəyişiklik etməklə problemi həll edə bilməzlər.
Məsələn, bu cür çirklənmənin əsas səbəblərindən biri əkin sahələrində yuyulan torpaqdır. Çöküntü adlanan proses yağış suyunun kir hissəciklərini götürərək göllərə və ya axınlara aparmasını nəzərdə tutur. Bununla belə, insanlar əkinlərini həddindən artıq sulamamaq və həddən artıq pestisidlərdən istifadə etməmək üçün ehtiyatlı olmaqla kənd təsərrüfatı axınını məhdudlaşdıra bilərlər.
 
Bir çox təsərrüfatlar suya qənaət etmək üçün damcı suvarma üsuluna keçiblər. Bununla su bütün ətraf əraziyə deyil, birbaşa bitkinin kökünə verilir. Bu dəyişiklik lüzumsuz su istifadəsini azalda və kənd təsərrüfatı axınının qarşısını ala biləcək nisbətən sadə seçim nümunəsidir.
Azərbaycanda kənd təsərrüfatı torpaqlarının böyük hissəsi üçün suvarma suyu çox mühüm istehsal vasitəsidir. Bunun səbəbi iqlimin quraq və yarımquraq xüsusiyyətli olmasıdır. Yağıntının aşağı səviyyədə, yəni illik ortalama 200-300 mm olması kənd təsərrüfatı istehsalını suvarmadan asılı edir. 2023-cü ilin əvvəlinə olan məlumata görə ölkədə suvarma şəbəkəsinə malik torpaq sahələri 1484,9 min hektardır. Suvarılan torpaq sahələrinin 1245,1 min hektarı əkin, 180.8 hektarı çoxillik əkmə yerlərini əhatə edir ki, bu da əkin yerlərinin təqribən 61 faizinin suvarılan sahələr olduğunu göstərir. Azərbaycanda torpaq-iqlim şəraiti suvarılan torpaq sahəsini 3,0–3,5 milyon hektara qədər artırmağa imkan versə də, su ehtiyatlarının çatışmazlığı səbəbindən bunu həyata keçirmək mümkün olmur.
Həmçinin iqlim dəyişikliyinin səbəb olduğu istilik suyun temperaturu ilə birləşdikdə, bu axıntı su hövzələrində oksigen səviyyəsinin azalmasına səbəb olur. Bu, hipoksiya kimi tanınır. Hipoksiya balıq və qabıqlı su canlılarını öldürə bilir. Bu, onların qida və yaşayış yeri tapmaq qabiliyyətinə də təsir edə bilər ki, o da öz növbəsində həmin ekosistemlərdən asılı olan sahilyanı cəmiyyətlərə və iqtisadiyyatlara zərər vura bilir.
 
Dəniz səviyyəsinin qalxması və tufanlar da sahilyanı kənd təsərrüfatı icmaları üçün təhlükə yaradır. Bu təhlükələrə eroziya, kənd təsərrüfatı torpaqlarının itirilməsi və su təchizatını çirkləndirə bilən duzlu suyun müdaxiləsi daxildir. İqlim dəyişikliyinin bu təhlükələri daha da pisləşdirəcəyi gözlənilir.
Yuxarıda da qeyd olunduğu kimi Azərbaycanın kənd təsərrüfatı suvarma suyunun azlığı və torpaq ehtiyatlarının məhdud olması şəraiti ilə xarakterizə olunur. Qeyd edilən ehtiyatların məhdud olması ilə yanaşı Respublikamızda həmin ehtiyatlardan səmərəli istifadə də ciddi problemdir. Həm əhali artımı, həm də əkin torpaqlarının məhdudluğu əkinçilikdə elmi əsaslandırılmış texnologiyaların tətbiqini zəruri edir. Azərbaycanın torpaq örtüyü çox qiymətli təbii mənbədir, lakin iqlim dəyişikliyi və digər təhlükələr, o cümlədən insanın təsərrüfat fəaliyyətinin intensivliyi onun həyəcan təbili çalınacaq dərəcədə pisləşməsinə səbəb olmuşdur. Buraya əkin sahələrində əkin texnologiyasına düzgün əməl edilməməsi səbəbindən münbitliyin aşağı düşməsi, suvarma normalarına düzgün əməl edilməməsi, su uçotunun dəqiq aparılmaması, suvarma eroziyası, torpaqların şorlaşması və şorakətləşməsi, əkin sahələrinin pərakəndəliyi, mövcud suvarma və kollektor-drenaj sistemlərin açıq torpaq məcrada olması, su itkiləri nəticəsində qrunt sularının səviyyəsinin qalxması ilə torpağın su-duz rejiminin qismən pozulması kimi müxtəlif mənfi amillərin təsirləri daxildir. Bu kimi problemlər ətraf mühitin və torpaq resurslarının keyfiyyətinin pisləşməsinə səbəb olur. 
 
Üçüncüsü iqlim dəyişikliyinin kənd təsərrüfatı işçiləri və heyvandarlıq üçün sağlamlıq problemlərinə təsiridir. Kənd təsərrüfatı işçiləri iqlimlə bağlı bir sıra sağlamlıq riskləri ilə üzləşirlər. Bunlara istiyə və digər ekstremal hava şəraitinə məruz qalma, zərərvericilərin yayılması səbəbindən daha çox pestisidlərə məruz qalma, ağcaqanad və gənə kimi xəstəlik daşıyıcı zərərvericilərin artması və havanın pisləşməsi daxildir. İstilik və rütubət süd, ət  və yumurta məqsədilə yetişdirilən heyvanların sağlamlığına və məhsuldarlığına da təsir edir.
 
 
Davamı Var
Təhmin Şəkibəyov
hüquqşünas
 








Redaktorun seçimi