Məktəblilər üçün yeni onlayn bilik mənbəyi
Bu gün bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “TPAO”, “SOCAR”, “SGC”, “LUKOIL”, “NICO”, “MOL”, “Equinor”, “INPEX”, “ExxonMobil”, “ITOCHU”, “Eni”, “TotalEnergies”, “MVM”, “ONGC Videsh” – adından Azərbaycanda orta məktəb şagirdləri üçün yeni onlayn təhsil məzmunu və öyrənmə imkanları təklif edən sosial investisiya layihəsinin uğurla başa çatdığını elan edib.
Şagirdlərin riyaziyyat fənni üzrə fəallığını və motivasiyasını artırmağı hədəfləyən bu təşəbbüsün məqsədi məktəbliləri, o cümlədən kənd yerlərində yaşayan və əlilliyi olan və ya xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin etməkdir.
Layihə çərçivəsində əsas diqqət 5-9-cu sinif şagirdləri üçün riyaziyyat üzrə müfəssəl onlayn təhsil məzmununun hazırlanmasına yönəlmişdir. Yeni hazırlanmış materiallar ictimaiyyətə açıqdır və öyrənmə prosesini təkmilləşdirmək üçün aşağıdakı vasitələri özündə birləşdirir:
● Ümumilikdə 84 saatdan ibarət 359 maraqlı video dərs;
● 721 sualdan ibarət 104 ev tapşırığı;
● Şagirdin dərsi mənimsəmə səviyyəsini qiymətləndirmək üçün 1265 viktorina sualı;
● Mürəkkəb mövzuları daha yaxşı izah etmək üçün hər bir video dərsi müşayiət edən ümumilikdə 359 PowerPoint təqdimatı;
● Müəllimlərə ev tapşırığını video formatında vermək və imtahanlarda şagirdlərin biliyini qiymətləndirmək imkanı verən rəqəmsal dərs modulu.
Yeni məzmun şagirdlərə məşq etmək və riyazi bacarıqlarını gücləndirmək üçün əlavə imkanlar yaratmaqla ənənəvi sinif dərslərini tamamlayır.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Onlayn təhsilin əhəmiyyəti getdikcə artdığı bir zamanda, yüksək keyfiyyətli və əlçatan təhsil məzmununun vacibliyini tam anlayırıq. İnanırıq ki, bu layihə şagirdləri riyaziyyat sahəsində biliklərini möhkəm təməllər üzərində qurmaq üçün lazımi resurslarla təmin edir. Eyni zamanda, kənd yerlərində təhsil alan, o cümlədən xüsusi təhsilə ehtiyacı olan uşaqlar da bu layihə vasitəsilə lazım olan bilikləri və dəstəyi ala biləcəklər. Yeni təhsil materiallarını ictimaiyyətə açıq etməklə, biz yaşadığı yerdən və şəraitdən asılı olmadan bütün şagirdlər üçün dəyərli bir bilik mənbəyini əlçətan edirik”.
Bu birillik layihənin dəyəri 200000 AZN ($118000) təşkil edib.
Layihə “LANDAU Educational Technologies” MMC tərəfindən həyata keçirilib.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2386 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
Əlavə məlumat üçün:
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95