Dünyada qızıl hasilatı getdikcə çətinləşir

Qızıl hasilatı sənayesində istehsalın artımını təmin etmək getdikcə çətinləşir, çünki potensial ərazilər artıq istismar olunduğu üçün dünyada yeni qızıl mədənlərinin tapılması daha problemli olur.
Bu barədə Ümumdünya Qızıl Şurasının (WGC) bazar üzrə baş strateqi Con Rid məlumat verib. O əlavə edib: “Fakt budur ki, 2008-ci ildən bəri, yəni 10 illik bumdan sonra qızıl sənayesi hasilat artımını təmin etməkdə çətinlik çəkir.
Ridin sözlərinə görə, 2023-cü ildə qızıl hasilatı əvvəlki illə müqayisədə cəmi 0,5 faiz artıb. Böyük miqyasda qızıl hasilatı külli miqdarda kapital və geniş kəşfiyyat işləri tələb edir. Bir mədən, orta hesabla, 10-20 il məhsul verir. Hətta kəşfiyyat zamanı istismar ehtimalı da az olur.
WGC strateqi qeyd edir ki, dünyada kəşf edilmiş qızıl mədənlərinin yalnız təxminən 10 faizinin istismarı üçün kifayət qədər ehtiyatlar var. Onun sözlərinə görə, bu günədək dünyada 187 min tona yaxın qızıl hasil edilib. Onların əksəriyyəti Çin, Cənubi Afrika və Avstraliyanın payına düşür. ABŞ Geoloji Xidmətinin məlumatına görə, hasil edilə bilən qızıl ehtiyatları hazırda cəmi 57 min ton təşkil edir.
Digər problem ondan ibarətdir ki, bir çox mədən layihələri yollar, elektrik enerjisi və su təchizatı kimi zəif infrastruktura malik ucqar yerlərdə yerləşir və bu da yüksək əməliyyat xərcləri ilə nəticələnir. Con Rid bununla bağlı deyib: “Məkan tapmaq, lisenziyalar üçün müraciət etmək, maliyyə resurslarının təmini və yeni mədənlərin idarəçiliyi getdikcə çətinləşir”.
Çindəki tələbat səbəbindən qlobal bazarda qızılın qiymətləri son bir neçə ayda ardıcıl olaraq artıb və pik həddinə çatıb. Keçən ay qiymət bir anda 1 unsiya üçün 2450 ABŞ dolları ilə rekord səviyyədə olub. Hazırda qızılın qiyməti 2294 ABŞ dolları ətrafındadır.


