“Azərbaycanın uğurlu enerji siyasətində prioritet istiqamət-yaşıl enerji”

Azərbaycanın ev sahibliyi etdiyi ənənəvi tədbirlərdən biri də Bakı Enerji Həftəsidir. Bu mötəbər tədbir coğrafi baxımdan geniş regionu əhatə edir və mühüm beynəlxalq əhəmiyyət kəsb edir. İyun ayının 4-dən öz işinə başlayan 29-cu Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin birləşdiyi Bakı Enerji Həftəsi çərçivəsində dünyanın 30-dan artıq ölkəsi, 300-dək şirkət nümayəndələri iştirak edir. Dünyanın bir sıra beyin mərkəzləri və dövlət nümayəndələrinin bir araya gəldiyi bu tədbir qlobal enerji məsələlərinin müzakirəsi və onun həlli imkanlarına əhəmiyyətli təsir göstərir.
Göründüyü kimi, ilbəil genişlənən, yüksək səviyyədə davam etdirilən “Enerji Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər, atılan addımlar dünya dövlətlərinin, həmçinin işıqlı layihələrdə öz töhfəsini əsirgəməyən Azərbaycanın icrada olan ənənəvi enerji və icrasına yeni başlanan yaşıl enerji layihələrinə maraq və diqqətinin nə qədər böyük olduğunu aydın göstərir. Qeyd edək ki, Xəzər Neft və Qaz Sərgisi ilk dəfə otuz il bundan öncə təşkil olunub və 1994-cü ildən bəri, 2020-2021-ci il pandemiya dövrü istisna olmaqla hər il həyata keçirilir. Bu addım Azərbaycanın siyasi və iqtisadi siyasətinin böyük uğuru, gələcək zəfərlərinin başlanğıcı oldu. Bununla da ölkəmizə birbaşa xarici investisiyaların cəlb edilməsi təmin edildi. Ölkəmizin böyük çətinliklərlə üzləşdiyi bir dönəmdə, işğalçı Ermənistanın torpaqlarımıza təcavüzü ilə hazırlıqsız yaxalandığımız müharibə şəraitində, daxili çəkişmələrin hökm sürdüyü bir dövrdə Ulu Öndər Heydər Əliyevin misilsiz xidməti, uzaqgörən siyasəti ilə əsasını qoyduğu “Əsrin müqaviləsi” dövlətimizin bugünki yüksəlişinə, dünyanın suveren ölkə olaraq maraq istiqamətinə, regionun söz sahibinə çevrilməsinə səbəb oldu. Məhz həmin ildən etibarən Azərbaycan öz müstəqillik zəfərini enerji sahəsindəki böyük uğuru ilə tamamladı.
Ümummilli liderin uğurlu siyasi addımı Azərbaycanın enerji sektorunda böyük dönüş yaratdı. O dövrdə əsası qoyulan enerji siyasəti dövlətin möhkəmlənməsinə və millətimizin xilasına səbəb oldu. O vaxtdan bəri bu tədbir Azərbaycanda bir ənənəyə çevrildi. Məlumdur ki, iqlim dəyişmələrinin fəsadlarına qarşı qlobal mübarizədə enerji siyasətinin seqmenti də genişlənib. Bu əhatəyə yaşıl enerji də əlavə edilib. Yaşıl enerji sahəsində artlıq yeni imkanlar yaradılır, yeni potensiallar dəyərləndirilərək yeni əməkdaşlıq imkanlarına yol açılır. Ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və yaşıl texnologiyaların tətbiqi məsələsi Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərindən biridir. 2030-cu ilə qədər ölkəmiz məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olaraq müəyyənləşdirilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizdə bu istiqamətdə aparılan fəaliyyət mexanizminin sürətləndirilməsinə və iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə həmrəyliyin gücləndirilməsində əhəmiyyətli dərəcədə təsir göstərir. Göründüyü kimi bu gün ətraf mühitin qorunması, yaşıl enerji və onun istifadəsi ölkəmizin siyasi-iqtisadi xəttini təşkil edir və bu sahəyə böyük diqqət və həssaslıqla yanaşılır. Göründüyü kimi, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, dövlət rəsmiləri tərəfindən verilən mesajlar vəhəyata keçirilən tədbirlər, Azərbaycanın artan nüfuzunun göstəricisidir və dünya artıqsıralarında Azərbaycan qlobal məsuliyyətini dərk edən, əhəmiyyətli hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçunu görür.
Nəzakət Məmmədova;
Neftçala rayonu, ictimai fəal


