Əkinçilik İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

Hit: 585
Əkinçilik İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası təşkil edilib
Greening.Global layihə rəhbəri Elnur İslamovun təşkilatçılığı ilə Pirşağı qəsəbəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi  (AR KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) ərazisində COP29 çərçıvəsində ağacəkmə aksiyası təşkil edilib. 
 
Aksiyada KTN nazir müavini, COP29 Baku Koordinatoru İlhamə Qədimova, KTN “Torpaq” şöbəsinin müdiri Firudin Tağıyev, Greening.Global layihə rəhbəri Elnur İslamov, Ernst & Young (EY) marketinq rəhbəri Nailə Axundova və Sumqayıt Dövlət Universitetinin “Kimya mühəndisliyi və Ekologiya” kafedrasının müəllimləri: Aybəniz Hüseynova, Ruhəngiz Əmirova həmçinin “Ekoklub”un üzvləri və ƏETİ-nin əməkdaşları iştirak ediblər.
 
Aksiyadan öncə ƏETİ-nin direktoru Faiq Xuduyev və Greening Global - Yaşıl Azərbaycan platformasının rəhbəri Elnur İslamov qonaqlarla görüşüb.
 
Görüş zamanı Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə təşkil olunan aksiyanın əhəmiyyətindən söhbət açılıb, ölkəmizin COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilib. Qeyd edilib ki, iqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında qlobal çağırış kimi dayanır. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə dövlətimizin siyasətində prioritet təşkil edir və bu istiqamətdə böyük işlər görülür. 
 
Azərbaycanın neft-qaz hasil edən ölkə olmasına baxmayaraq, "yaşıl enerji"yə keçidə üstünlük verdiyini, iqlim böhranını həll etmək üçün ardıcıl addımlar atıldığı diqqətə çatdırılıb.
 
Sonra Ernst & Young (EY) marketinq rəhbəri Nailə Axundova çıxış edərək təmsil etdiyi şirkət haqqında məlumat verib. Bildirib ki, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır. Bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində fəaliyyət göstərir. N.Axundova EY -in Azərbaycanda fəaliyyət göstərməsinin 30 illik yubileyinin “Yaşıl dünya naminə həmrəylik ili” nə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına təsadüf etməsindən məmnunluğunu bildirib. Daima bu cür təşəbbüslərə dəstək olmasından da danışıb.
 
COP29 iqlim dəyişmələri ilə bağlı SDU-nun Startap layihələrinin: "Yağıntı sularının ekoloji və iqtisadi səmərəliliyi", "Çirkab suların aqrotexniki suvarmada tətbiqi" barədə mentoru Ruhəngiz Əmirova çıxış edib, layihə ilə bağlı elmi təkliflər müzakirə edilib və mövzuların ekoloji problemlərin həlli istiqamətində aktual olduğu vurğulanıb.
Müzakirələr zamanı Global layihə rəhbəri Elnur İslamov çıxış edərək Greening.Global tərəfindən COP29-la bağlı aqroturizmlərin təşkil olunması ilə bağlı təkliflərini səsləndirib. Bildirib ki, tədbirin keçirildiyi ərəfədə təşkil olunacaq aqroturizm kənd turizminin bir növü kimi turistlərin kənd təsərrüfatına cəlb olunması ilə yanaşı,  eləcə də kənd təsərrüfatında iştirakının təmin edilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edəcək. COP29 yeni aqroturizm layihələrinə yol açacaq.
 
Təklif iclas iştirakçıları tərəfindən bəyənilib, həmçinin onun “yaşıl iqtisadiyyat"a böyük təkan verəcəyi vurğulanıb.  
 
Görüşdən sonra iştirakçılar tərəfindən böyük həvəslə ƏETİ-nin ərazisində 300 ağac əkilib.








Redaktorun seçimi