Ölkəmizdə ilk dəfə Azərbaycan Marketinq Zirvəsi təşkil olunub

Hit: 1399
Ölkəmizdə ilk dəfə Azərbaycan Marketinq Zirvəsi təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi tərəfdaşlığı, Thinkers.az və DigitalHero-nun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Azərbaycan Marketinq Zirvəsi təşkil olunub. 
 
Rəqəmsallaşan dünyanı ənənəvi marketinqdə birləşdirən Zirvədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, digər dövlət qurumlarının rəsmiləri, marketinq sahəsi üzrə yerli və beynəlxalq ekspertlər, iri şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak edib. 
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Mustafa Abbasbəyli Agentliyin fəaliyyəti barədə məlumat verib, qurumun müsbət imicinin yaradılmasında bir çox marketinq fəaliyyətinin həyata keçirildiyini bildirib, artan rəqabət şəraitində marketinq fəaliyyətinin özəl və dövlət müəssəsiləri üçün danılmaz fakt olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən marketoloqların və bu sahəyə marağı olan şəxslərin bu məkanda toplanması bir daha marketinqin inkişafının önəmini göstərir.  
Zirvənin məqsədi Azərbaycanın hər yerindən və daha geniş Qafqaz regionundan marketinq mütəxəssisləri, sənaye ekspertləri və düşüncə liderlərini bir araya gətirmək, yaranan tendensiyaları müzakirə etmək və iştirakçıların bu sahəyə məxsus peşəkar mütəxəssislərin təcrübələri və zamanla sınaqdan keçirilmiş ənənəvi strategiyaları ilə tanış olmasına şərait yaratmaqdır.
 
Zirvədə “Keçmiş təcrübələrimizə arxalanaq”, “Yeniliklər tətbiq edərək inkişaf edək” və “Rəqəmsallaşan dünya ilə ayaqlaşaq” adlı panellərdə müxtəlif ekspertlərin çıxışları dinlənilib və iştirakçıların sualları cavablandırılıb. 
 
Tədbirin sonunda loto uduşlar təşkil edilib və qaliblərə hədiyyələr təqdim edilib.  
 








Redaktorun seçimi