Aqrar sahənin aktual mövzularına dair panel sessiyalar

Hit: 498
Aqrar sahənin aktual mövzularına dair panel sessiyalar

“Caspian Agro 2024 ”sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Bakı Ekspo Mərkəzində “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində “Beynəlxalq Aqrar İnnovasiya Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr keçirilib.
 
Sərginin üçüncü günündə panel sessiyalar “İqlim hədəflərinə çatmaq üçün davamlı aqro-ərzaq sistemlərinə keçidin gücləndirilməsi. Bilik və innovasiyanın rolu”, “Kənd təsərrüfatının dayanıqlı inkişafında müasir kənd təsərrüfatı texnikalarının rolu”, “Xarici şirkətlərin uğurlu kənd təsərrüfatı təcrübələri və əməkdaşlıq prespektivləri” mövzularına həsr olunub.
 
Panellərdə iqlim dəyişmələrinin kənd təsərrüfatı sektoruna təsiri və bu təsirə qarşı mübarizə üsulları, ərzaq təhlükəsizliyinin təminatı baxımından qlobal çağırışlar və innovasiyaların roluna dair müxtəlif təqdimatlar keçirilib.
 
Forumda müxtəlif dövlət qurumları, yerli özəl şirkətlər, eləcə də xarici şirkətlərin ixtisaslaşmış ekspertləri kənd təsərrüfatı və iqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı öz bilik və təcrübələrini bölüşüblər.
 
Panel sessiyalarda çıxış edən natiqlər bildiriblər ki, dövlətin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində aqrar sahənin davamlı inkişafı davam edir. Bununla belə bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı məhsullarının istehsalı müasir dövrün çağırışlarına uyğun qurulmalıdır. Qeyd olunub ki, qlobal iqlim dəyişikliyinin bu sahəyə mənfi təsirlərinin azaldılması üçün “ənənəvi kənd təsərrüfatı istehsalı modeli”ndən “təsərrüfatın müasir idarəedilməsi”nə keçid günün əsas tələblərindən birinə çevrilir.
 
Mütəxəssislər hesab edir ki, iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkili aqrar sektorda innovasiya və texnologiyaların daha geniş istifadəsini zəruri edir. Bu baxımdan dünyada mövcud olan təcrübələrin mübadilə edilməsi, o cümlədən aqrar texnologiya transferi vacibdir. Vurğulanıb ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda aqrar innovasiyaların tətbiqi ildən-ilə genişlənir.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.








Redaktorun seçimi