Qlobal iqlim və su məsələlərin həll yolları müzakirə edilib

Hit: 382
Qlobal iqlim və su məsələlərin həll yolları müzakirə edilib
Mayın 16-da İnkişaf və Diplomatiya İnstitutu BMT-nin Azərbaycan nümayəndəliyi, Davamlı Gələcək Komissiyası, Boğaziçi Universiteti və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində İqlim və Su Sammiti keçirib. Tədbirdə hökumət və akademik qurumların, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri bir araya gəliblər, dünyanın üzləşdiyi qlobal iqlim və su məsələlərini, onların həll yollarını müzakirə ediblər.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FAO və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin ekspertləri su resursları ilə bağlı hazırkı vəziyyətdən və yaxın gələcək üçün nəzərdə tutulan proqnozlardan söhbət açıblar.
 
Davamlı Gələcək Komissiyasının Azərbaycandan olan sədri və “Aqualink”in baş direktoru Orxan Mikayıl və Türkiyədən olan sədri “Agro Tv” Türkiyə Azərbaycan CEO-su Doğan Başaranın iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, COP29-un ilk dəfə Türk dünyası ölkələrindən birində keçirilməsi əlamətdar hadisədir.
 
Tədbirdə çıxış edən İnkişaf və Diplomatiya İnstitutunun direktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iqlim və su problemlərinin həllində tədqiqatın vacibliyini, bunun iqlim risklərinin qiymətləndirilməsindəki önəmini vurğulayıb. Fariz İsmayılzadə əlavə edib ki, əvvəlki COP sammitləri ilə müqayisədə builkinə alimlərin fəal şəkildə cəlb edilməsi və onlar üçün xüsusi platformaların təşkil edilməsi nəzərdə tutulur.
 
Yaşıl transformasiyanın iqtisadiyyata təsirindən bəhs edən çıxışçılar iqlim dəyişikliyi ilə bağlı ölkədaxili qurumlar arasında əməkdaşlığın, transmilli tərəfdaşlığın və su diplomatiyasının önəmini vurğulayıblar.
 
FAO və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin nümayəndələri çıxışlarında qlobal rəqabət mühitinin iqlim dəyişikliyinə təsir etdiyini və 2040-cı ilədək qlobal qaz emissiyasının 43 faizədək azaldılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıblar.

"Davamlı Gələcək Komissiyasının Azərbaycan üzrə sədri və "Aqualink"in baş direktoru Orxan Mikayıl çıxışında tədbirin əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycan da iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində aktiv fəaliyyəti ilə seçilir. Hazırda əksər ölkələr artan iqtisadiyyat, sosial inkişaf və innovasiyalar daxil olmaqla sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, Azərbaycanın ekoloji dayanıqlılığa və "yaşıl artım"a diqqət etməsini yüksək qiymətləndirirlər.
 
Kənd təsərrüfatı sahəsində su resurslarının intensiv şəkildə istifadə edildiyini bildirən ekspertlər iqlim dəyişikliyi ilə bağlı ölkəmizin su resurslarında 15 faiz azalmanın müşahidə edildiyini qeyd ediblər.
 
Tədbir mövzu ətrafında panel müzakirələrlə davam edib.
 
 
 








Redaktorun seçimi