Vahid hesabatlılıq bazar subyektlərini rəqabətə təşviq edəcək

Hit: 312
Vahid hesabatlılıq bazar subyektlərini rəqabətə təşviq edəcək
“İqlim dəyişmələri həm iqtisadiyyata, həm də maliyyə institutlarına əhəmiyyətli təsir göstərməkdədir”.
 
“vergiler.az” xəbər verir ki, bu fikri Azərbaycan Mərkəzi Bankının böyük iqtisadçısı Səmra Talışınskaya Abbasova “İllik Mühasiblər Forumu -2024” platformasındakı çıxışında səsləndirib. Onun sözlərinə görə, ölkələrin öz iqtisadi modellərini karbon qazının 0 emissiyasına doğru dəyişməsi ilə azkarbonlu iqtisadi fəaliyyət modelinə keçməsi risklər yaradır.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi”ni hazırlayıb. Sənədin əsas məqsədi ölkənin sosial-iqtisadi hədəfləri, məqsədləri nəzərə alınmaqla dayanıqlı maliyyə modelinə keçilməsini təmin etməkdir. Yol Xəritəsinin 4 başlıca prioritet üzərində qurulduğunu deyən S.Talışınskaya Abbasova məlumatlılığın artırılmasının əsas hədəf olduğunu qeyd edib: “Eyni zamanda, dayanıqlı maliyyə axınları üçün adekvat ekosistemin formalaşdırılmasını hədəfləyirik. Bununla bağlı müvafiq tənzimləmə elementləri çərçivəsinin hazırlanması, həmçinin yaşıl iqtisadi fəaliyyət növlərinin (toksonomiyanın) müəyyən olunması planlaşdırılır. Yaşıl istisadiyyatın qurulması yeni fürsətlər yaratsa da, bır sıra riskləri də aktuallaşdırır. Bu risklərin idarə edilməsi üçün həm requlyator tərəfindən nəzarət funksiyasında, həm də maliyyə institutları tərəfindən risklərin idarə edilməsində iqlim dəyişmələri, eləcə də sosial və idarəetmə məsələləri əksini tapmalıdır”.
 
Mərkəzi Bankın hesabatlılıq və şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirdiyini deyən iqtisadçı hesab edir ki, vahid hesabatlılığın olması, özəl subyektlər tərəfindən məlumat açıqlığının təmin edilməsi bazarda nümunəvi bir davranış yaradacaq, həmçinin subyektləri bir-biri ilə rəqabətə təşviq edəcək.








Redaktorun seçimi