Bazarda nöqsanlar aşkarlanıb

Hit: 236
Bazarda nöqsanlar aşkarlanıb
İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Şahdağ” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
 
Baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
 
Belə ki, bazarda fəaliyyət göstərən ticarət obyektlərinin qida məhsullarının saxlanması və satışı üzrə tələblərə uyğun müvafiq avadanlıqlarla təmin edilmədiyi, ət satışı üçün bölmələrin təşkil olunmadığı, xüsusi risk qrupuna aid məhsulların temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, qida ilə təmasda olan səthlərin asan təmizlənə və dezinfeksiya edilə bilən materialdan təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
 
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, bazarda süd məhsullarının satışı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.








Redaktorun seçimi