Azərbaycanda çat-botun köməyi ilə hüquqi yardım almaq mümkün olacaq

Hit: 520
Azərbaycanda çat-botun köməyi ilə hüquqi yardım almaq mümkün olacaq
“Elektron vəkil orderi” artıq 2023-cü ildən beş vəkil bürosunda pilot layihə kimi tətbiq edilib. Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli qərarı ilə “Elektron vəkil orderi”nin cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi nəzərdə tutulub”.
 
Oxu.Az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
 
 
O bildirib ki, “Elektron vəkil orderi” layihəsinin davamı kimi hazırda “Elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır:
 
“Burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması istiqamətində müvafiq normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi ilə birgə hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.
 
Rəqəmsallaşma sahəsində müasir trendləri daim izləyən Vəkillər Kollegiyası süni intellektin imkanlarından istifadə edilməsi istiqamətində də işlər aparır. Belə ki, yaxın zamanda kollegiyanın Elektron Vəkillik Komitəsi tərəfindən hazırlanan “Pro Bono” çat-botu istifadəyə verəcək. Bu bot süni intellektdən istifadə edərək vətəndaşlara “Pro Bono” (ictimai əsaslı - red.) hüquqi yardım göstərəcək.
 
Elektron cinayət təqibinin tətbiqi məsələsinə gəldikdə isə bu məkan çoxşaxəlidir və bütün cəmiyyətin və dövlətin rəqəmsallaşması kontekstində inkişaf etməkdə davam edir. Müasir texnologiyalardan və elektron sübutlardan istifadə etmədən bu sahədə vəkilin işini də təsəvvür etmək mümkün deyil.
 
Fikrimizcə, cinayət prosesinin iştirakçıları arasında qarşılıqlı əlaqə üçün vahid onlayn xidmət yaradılmalı və xidmət üç blokdan ibarət olmalıdır: elektron cinayət işi, həmçinin sənəd, ərizə, şikayət, vəsatət vermək və cavab almaq imkanı. Elektron cinayət təqibinin tətbiqi prosesində elektron məhkəmə, elektron vəkillik və elektron istintaq sistemlərinin bir-birinə inteqrasiyası həm ümumilikdə cinayət təqibinin, həm də bu təqibdə müdafiə tərəfin işinin səmərəliliyinin artırılmasına böyük töhfə verə bilər. Bu, vəkil orderinin elektron qaydada cinayət təqibi orqanına təqdim edilməsi, istintaq hərəkətlərinin təyin edilməsi zamanı vəkilin vahid sistemdən görünən iş cədvəlinin də nəzərə alınması ilə bu hərəkətlərin vaxtında keçirilməsinin təmin olunması və sairə imkan yaradacaq.
 
Yeni istifadəyə təqdim edilən Vəkil Kabinetində Vəkilin iş cədvəlini əks edən elektron təqvim artıq işləkdir. İnanırıq ki, bu təqvim qısa zamanda məhkəmə işlərinin təyin edilməsi zamanı elektron məhkəmə informasiya sisteminə inteqrasiya ediləcək və hakimlər də iş təyin edərkən vəkilin təqvimini nəzərə almaq imkanına malik olacaqlar.
 
Hesab edirik ki, cinayət prosesində müdafiə tərəfinin hüquqlarının təmin edilməsində rəqəmsal texnologiyalardan istifadə problemləri də diqqətdə saxlanılmalıdır. Fikrimizcə, gələcəkdə “Rəqəmsal sübut” anlayışının ayrıca sübut növü kimi Cinayət-Prosessual Məcəlləsində müəyyən edilməsinə, bu növ sübutların toplanılması, götürülməsi, məxfiliyin təmininə, həmin sübutlarla müdafiə tərəfinin tanış olma imkanının nəzərdə tutulmasına, onlardan səmərəli istifadə edilməsinə və rəqəmsal sübutlarla bağlı düzgün hüquqi qiymət verilməsinə zəmin yaratmış olar”.
 
“Rəqəmsal  sübutlarla bağlı digər bir məsələ, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədi ilə bu məlumatların əldə edilməsi üçün məhkəmə qərarının alınmasının zəruri olmasıdır. Belə ki, digər sübut növlərindən fərqli olaraq rəqəmsal sübut və onun saxlanıldığı cihazlar (mobil telefon, kompüter, xarici yaddaş kartı və s.) fiziki və hüquqi şəxslər üçün daha əhəmiyyətli və konfidensial məlumatların daşıyıcısı rolunda çıxış edir. Yəni  cinayət prosesində rəqəmsal sübutlara gəldikdə, şəxsi həyata hörmət hüququna riayət olunmasını təmin edən qaydaların tətbiqi vacibdir.
 
Bundan əlavə, hesab edirik ki, məsafədən, videokonfrans vasitəsilə dindirmənin xüsusiyyətlərində Cinayət-Prosessual Məcəlləsinin ümumi müddəaları nəzərə alınmalıdır”, - deyə Anar Bağırov sonda qeyd edib.








Redaktorun seçimi