Kürdə suyun səviyyəsi artıb

Hit: 237
Kürdə suyun səviyyəsi artıb
Azərbaycanın ən böyük çayı olan Kürdə suyun səviyyəsi artıb. Sululuğun artması çayın quruması kimi ekoloji fəlakətin demək olar, qarşısını alıb.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında ekoloq Sahib Həsənov bildirib. Onun sözlərinə görə, qarşıdan gələn aprel-may aylarında dağlarda qarın əriməyə başlaması ilə Kürdəki vəziyyət daha da ürəkaçan olacaq: “Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsinin artması əkin sahələrinin suya tələbatını demək olar ki, ödəyəcək. Hazırki vəziyyət imkan verir ki, taxıl sahələrinin su təminatı ardıcıl aparılsın. Bildiyimiz kimi, ötən illərdə Kürdə suyun səviyyəsi çox aşağı həddə düşmüşdü. Bu zaman Neftçalada, çayın mənsəbində bəndlər vuruldu ki, dəniz suyu çaya axmasın, bu işin görülməsinin də çayda suyun stabil qalmasına təsiri var”.
 
Ekspert, həmçinin qeyd edir ki, dünyadakı şirin su çatışmazlığı ölkəmizdə də suya qənaət olunması məsələsini gündəmə gətirib. “Əkin sahələrinin suvarılmasında su itkisinin qarşısının alınması üçün torpaq kanallara beton üzlüklər çəkilir, suvarma prosesinə nəzarət gücləndirilir. Ancaq vətəndaşlar, fermerlər də su itkisinin qarşısını maksimum dərəcədə almalıdırlar”, - deyə, o əlavə edir.
 
Hazırda çayda suyun kifayət qədər olması imkan verir ki, Kürətrafı rayonların istər əhalinin içməli su təminatında, istərsə də əkin sahələrinin suvarılmasında problemləri olmasın.
 
Salyan rayon sakini Fəxrəddin Abdullayev bildirir ki, Kürün daşan, eləcə də quruyan vaxtlarını çox görüb. Ancaq ötən iki ildəki kimi çayın suyunun azalmasını heç vaxt görməyib: “Bu il payız fəslindən başlayaraq çayda suyun səviyyəsində artım davamlı olub, həm də indi fəsil dəyişir. Temperatur yüksələrkən suya tələbatın kəskin artmasını nəzərə alsaq, vəziyyət yaxşıdır. Həyətyanı sahələrimizi rahat suvarırıq, əkin sahələri sudan korluq çəkmir. Kürün suyu hazırda suya olan tələbatımızı ödəyir”.
 
Salyan Suvarma Sistemləri İdarəsi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, ötən ilin müvafiq dövründə suyun səviyyəsi çox aşağı olduğundan suvarma pressesində, su nasoslarının işlənməsində çətinlik yaşanırdı. Hazırda çayda suyun artması bu problemləri geridə qoyub: “Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən 1,5 metr artıb. Bu da bizə payızlıq əkinlərin su təminatını vaxtında təmin etməyə imkan verir”.
 
Son günlər havaların qeyri-sabit keçməsi, intensiv yağışların düşməsi də Kürdə çayın suyunun artmasına müsbət təsir göstərib. Mütəxəssislərin fikrincə, bol sululuq dövrü olduğundan çayda suyun səviyyəsinin artımı bundan sonra da davam edəcək.
 
Qeyd edək ki, bir neçə il bundan qabaq Kür çayında suyun azalması Kürətrafı kəndlərdə ciddi su qıtlığı ilə nəticələnmişdi. Kürün suyunun azalması səbəbindən sakinlər həm içməli su, həm də əkin sahələrinə suyun verilməsində ciddi problemlə üzləşmişdilər.








Redaktorun seçimi