İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

Hit: 482
İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Türkiyənin tanınmış onlayn satış platforması olan “Trendyol”un nümayəndə heyəti arasında görüş keçirilib.
 
Görüşdə qonaqlara İKTA və onun fəaliyyət istiqamətləri, həmçinin Azərbaycanda poçt xidmətləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verilib.
 
Bildirilib ki, hazırda Azərbaycanda “Trendyol” istifadəçilərinin sayı artmaqdadır və bu, poçt operatorlarının (karqo şirkətlərinin) fəaliyyətində də özünü göstərir. Hazırda 11 poçt rabitəsi operatoruna məxsus 400-ə yaxın poçt obyektində bu satış platformasından birbaşa çatdırılma həyata keçirilir.
 
Qeyd edilib ki, İKTA-ya lisenziyasız poçt fəaliyyəti ilə bağlı daxil olan müraciətlər Agentlik tərəfindən araşdırılır və əldə olunan məlumatlar qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə İqtisadiyyat Nazirliyinə göndərilir.
 
Agentlik rəsmiləri istehlakçı hüquqlarının qorunması, şəffaflığın və müştəri məmnuniyyətinin artırılması naminə adıçəkilən satış platforması ilə məlumat mübadiləsinin vacib olduğunu bildiriblər.
 
“Trendyol” rəsmiləri çıxış edərək bildiriblər ki, təmsil etdikləri satış platforması Azərbaycan bazarına önəm verir. Şirkət İKTA və digər dövlət qurumları ilə əməkdaşlığa və məlumat mübadiləsinə hazırdır.
 
Qeyd edilib ki, şirkət Azərbaycanda istehsal edilən məhsulların da bu platformada satışının təşkil olunmasında maraqlıdır.
 
Belə təmasların hər iki tərəf üçün əhəmiyyətinin böyük olduğunu nəzərə alaraq görüşlərin davamlı keçirilməsi ilə bağlı razılıq əldə edilib.
 
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.








Redaktorun seçimi