“AzerGold” QSC və Təhsilin İnkişafı Fondu arasında görüş keçirilib

Hit: 288
“AzerGold” QSC və Təhsilin İnkişafı Fondu arasında görüş keçirilib
Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin qonağı olub.
 
“AzerGold” QSC-nin müşaviri Rəşxan Qaraşlı qurumun fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında danışıb. R.Qaraşlı Azərbaycanda dağ-mədən sahəsinin neft-qaz sənayesi ilə müqayisədə yeni sahə olmasına baxmayaraq, son illər xüsusilə qızıl hasilatında böyük uğurlar əldə edildiyini qeyd edib.
 
“AzerGold” QSC tərəfindən təhsil, sağlamlıq, mikro sahibkarlıq, aqrar inkişaf, ekologiya, qadınların məşğulluğu, tarixi və mədəni irsə töhfə və digər istiqamətlər üzrə sosial layihələrin həyata keçirildiyini vurğulayan R.Qaraşlı, “Gələcəyin mədənçisi” layihəsi barəsində görüş iştirakçılarını məlumatlandırıb.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir. Təhsilin İnkişafı Fondunun həm dövlət, həm özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, tərəfdaşlarla birgə sosial və biznes yönlü layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
 
Universitet-sənaye tərəfdaşlığı çərçivəsində Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi haqqında bəhs edən E.Nəsibov, yaxın zamanda qərb regionlarında yeni Davamlı İnkişaf Mərkəzlərinin yaradılacağını bildirib. Bu mərkəzlərin dövlət-özəl əməkdaşlığı çərçivəsində yarandığı, tələbələrin bilik və bacarıqlarının artırılması, onlara karyera və inkişaf dəstəyinin göstərilməsi məqsədilə yaradıldığı vurğulanıb.
 
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər, eləcə də iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.








Redaktorun seçimi