ABADA Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Hit: 313
ABADA Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib
Özbəkistanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (AIRCUZ) və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) birgə təşkilatçılığı ilə “Beynəlxalq Avtomobil Nəqliyyatı: Sürətlilik və Rifah” mövzusunda konfrans baş tutub.
 
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən tədbirdə ölkəni Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda regional əlaqə, multimodal Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca nəqliyyat və tranzit, kommersiya nəqliyyatının və gömrük prosedurlarının rəqəmsallaşdırılması və sürücüsü çatışmazlığı ilə bağlı avtomobil nəqliyyatının üzləşdiyi əsas problemlər və imkanlar müzakirə edilib. Tədbir region və hüdudlarından kənarda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına üzv assosiasiya və şirkətləri, beynəlxalq təşkilatları, tərəfdaşları və beynəlxalq maliyyə institutlarını bir araya gətirib.
 
İRU-nun 75 illik yubileyi qeyd edilən xüsusi sessiyada inkişaf, ticarət və nəqliyyat xadimləri, eləcə də Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının regiondan olan “Yeni Sənaye Formasiyaları”nın nümayəndələri iştirak edib. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov təşkilatın 75 illiyi ilə bağlı Xartiyanı imzalayıb.
 
Plenar iclaslarda əsasən “Beynəlxalq Avtomobil Nəqliyyatı: Davamlılığın və Rifahın İnkişafı”, “Mərkəzi Asiya ölkələrini qlobal bazarlara çıxarmaq üçün infrastruktura investisiyalar”, “Avtonom nəqliyyat vasitələrinə keçid zamanı sürücü çatışmazlığının aradan qaldırılması”, “Nəqliyyat və tərəqqi: davamlı inkişaf, çiçəklənmə və sülhə doğru” kimi mövzular müzakirə edilib.








Redaktorun seçimi