Azərbaycanın ən uzun dəmir yolu körpüsü Həkəri çayı üzərində salınır - VİDEO
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük vətən müharibəsində geri aldığı doğma torpaqlarda tikinti-yenidənqurma işləri sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsini əhatə edən Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmiryolları xəttinin quraşdırılması istiqamətindəki proseslərin yarıdan çoxu tamamlanıb. Belə ki, Prezident İlham Əliyevin 13 mart 2021 ci ildə imzaladığı sərəncama əsasən, ümumi uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun 71-ci kilometrliyində tikinti-quraşdırma işləri sürətlə irəliləyir. Layihə çərçivəsində 41 körpü, 22 yolötürücü, 3 tunel olmaqla ümumilikdə 469 ədəd süni mühəndislik qurğusunun tikintisi planlaşdırılır.
Azərbaycanın ən uzun körpüsü Horadiz-Ağbənd dəmir yolu xəttinin Zəngilan rayonundan - Həkəri çayı üzərindən keçən hissəsində tikilir. Ümumi uzunluğu 417 metr olan körpü 13 aşırımdan ibarətdir.
Qeyd edək ki, region ölkələri arasında ticarət əlaqələrini genişləndirəcək və biznes tərəfdaşlarının yüklərini vaxtında mənzil başına çatdıracaq körpünün 78%-i tamamlanıb. Dəmir yolu körpüsünün 2023-cü ilin ilk rübündə yekunlaşması nəzərdə tutulur.
Horadiz-Ağbənd dəmir yolu 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində tamamilə yararsız hala salınaraq fəaliyyətini dayandırmışdı. Ondan əvvəlki mərhələdə işləyən bu dəmir yolu xəttinin son dayanacağı Füzuli rayonunun Horadiz stansiyası olsa da, artıq “son dayanacaq” ifadəsini işlətmək mənasızdır. Çünki layihə regionun nəqliyyat xəritəsinə inteqrasiya olunur. Zəngəzur dəhlizinin əsas seqmenti olan Horadiz-Ağbənd dəmir yolu Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsinə xidmət edəcək. Eyni zamanda Bakı-Tblisi-Qarsdan sonra Türkiyə ilə dəmir yolu əlaqəmizi genişləndirəcək.
Azərbaycan Dəmir Yolları QSC-nin mühəndisi Ayhan Ağalıyevin sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolunun tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir. Ümumilikdə 9 stansiyanı əhatə edən birinci mərhələyə 30 kilometrlik ərazidə Horadiz-Mərcanlı-Mahmudlu stansiyaları, ikinci mərhələyə 30-85 kilometrlik ərazidə Soltanlı-Qumlaq-Həkəri-Mincivan stansiyaları, üçüncü mərhələyə 85-110,4 kilometrlik ərazidə Mincivan-Bartaz-Ağbənd stasiyaları daxildir. İlkin mərhələ üzrə işlərin 89 %-i artıq yekunlaşıb. Bununla yanaşı, ikinci mərhələnin 33%-i tamamlanıb, üçüncü mərhələ üzrə təmir işlərinə də növbəti aylarda başlanılacaq. Ayhan Ağəlıyev onu da əlavə edib ki, bəzən havanın qeyri-sabit keçməsi görülən işlərin müəyyən dərəcədə ləngiməsinə səbəb olur.
Dünya səviyyəsində səs-küy yaradacaq layihə - Horadiz-Ağbənd dəmir yolu xəttinin 2024-cü ilin sonlarına doğru bitməsi planlaşdırılır.
Prezident İlham Əliyevin 24 noyabr 2020-ci ildə imzaladığı sərəncama əsasən, Bərdə-Ağdam dəmir yolu xətti istiqamətində də tikinti-bərpa işlərinin yarıdan çoxu bitib.
Xatırladaq ki, işğaldan əvvəl fəaliyyət göstərən bu dəmir yolu Bakı-Xankəndi marşrut xəttinin tərkib hissəsi idi. Lakin ermənilərin Qarabağa olan hücumu nəticəsində sıradan çıxaraq yararsız vəziyyətə salınmışdı. Düşmən qüvvələri dəmir yolunu dağıtmaqla yanaşı, ərazi üzrə mövcud olan relsləri, xətləri, işıq qurğularını da oğurlamışdılar. Bütün bunlara baxmayaraq yenidən bərpa işlərinə start verən Bərdə-Ağdam dəmir yolu xətti əvvəlkindən də yüksək səviyyədə layihələndirilib. Layihə rəhbəri Aqil Süleymanovun məlumatına əsasən, Bərdə-Ağdam dəmir yolunun tikinti-qurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələ Bərdə-Köçəri-Təzəkənd stansiyalarını əhatə etməklə uzunluğu 20.78 kilometr, ikinci mərhələ Ağdam stansiyasını əhatə etməklə 26.32 kilometrdir.
Layihə rəhbərinin sözlərinə görə, 2023-cü ilin sonuna kimi bitməsi nəzərdə tutulan Bərdə-Ağdam dəmir yolu xəttinin 4 ədəd stansiya binası, rabitə şəhərə vermə və eyni səviyyəli kəsişmələrinin tikintisi istiqamətində işlər tezliklə başlayacaq. Ələt iqtisadi zonasına, həmçinin Gürcüstanın “Poçt” limanına çıxışı təmin edəcək dəmir yolu xətti gələcəkdə ölkəmizin turizm-iqtisadi zonaya çevrilməsində mühüm rol oynayacaq.
Eyni zamanda böyük iqtisadi əhəmiyyətə malik bu dəmir yolu xətti Qarabağ iqtisadi rayonunda və Ağdamda qurulan yeni sənaye müəsisələrində istehsal olunan məhsulların daxili və regional bazarlara çıxışını, həmçinin sərnişin daşınmasını təmin edəcək.
Onu da vurğulaq ki, ADY QSC işğaldan öncə Qarabağ bölgəsində malik olduğu əmlaka dəyən ziyanla bağlı ilkin araşdırmaların nəticəsini aidiyyatı dövlət qurumlarına göndərib və yekun zərərin hesablanmasını xahiş edib. Tezliklə bu istiqamətdə də nəticə əldə olunacaq.