"Azərpoçt" "Azercell"in Bürünc sertifikatlı rəsmi dileri statusunu alıb

Hit: 459
"Azərpoçt" "Azercell"in Bürünc sertifikatlı rəsmi dileri statusunu alıb
“Azərpoçt” MMC və “Azercell Telecom” MMC arasında 2022-ci ildən başlayan əməkdaşlıq növbəti mərhələyə keçid edib. Öz məntəqələrində Azercell abunəçilərinə müştəri xidmətlərinin göstərilməsini təmin edən Azərpoçt Bürünc sertifikatlı rəsmi diler statusunu alıb.
 
Faktor.az xəbər verir ki, hazırda “Azərpoçt”un Bakı üzrə məntəqələrində təqdim olunan Azercell xidmətləri bu ildən etibarən ölkənin 60-dan çox şəhər və rayonunda da təşkil ediləcək.
 
5 ay davam edən təlimlərdən sonra Azərpoçtun 100-dək əməkdaşına Azercell-in Bürünc sertifikatı təqdim edilib. Bu sertifikat əməliyyatçılara Azercell-in keyfiyyət standartlarına uyğun xidmət göstərmək imkanı verir. Həmin əməkdaşlar müştərilər üçün Azercell nömrələrinin satışı, “ASAN İmza” xidmətinin və çoxçeşidli internet paketlərinin aktiv edilməsi, ləğv olunmuş nömrələrin bərpası və nömrə daşınması kimi əməliyyatları həyata keçirəcəklər.
 
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC-nin “Azercell Telekom” MMC ilə əməkdaşlığı hər iki quruma müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.
 
Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, elektron hökumət və biznes xidmətləri təqdim edir.








Redaktorun seçimi