Qiyməti özündən acı: - Soğan niyə bahalaşıb?

Hit: 634
Qiyməti özündən acı: - Soğan niyə bahalaşıb?
Son günlər Azərbaycanda soğanın qiyməti mövsüm üçün xarakterik olmayan həddə yüksəlib. İstehlakçılar soğanın bir kiloqlamını bazar və pərakəndə satış obyektlərindən 0,90 manatdan 1,30 manata qədər dəyişən qiymət aralığında alırlar.
Ümumiyyətlə, 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın topdan satış qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə maksimal həddə - bir kiloqramı 0.70 manata yüksəlib .
 
Qiymət artımı əsasən region, xüsusilə də MDB ölkələri bazarlarında qeyri-sabitliyin yaranması ilə izah olunur. Ukraynanın kommersiya soğan istehsalının təxminən 80%-nin cəmləşdiyi cənub rayonlarının işğalı dünya bazarına azı 20 min ton soğanın çıxarılmasını məhdudlaşdırıb. Ukrayna özü Polşa, Rumıniya, Moldova, Azərbaycan, Qazaxıstan və Türkiyədən soğan idxal etməyə məcbur olub ki, bu da həm regionda, həm də ölkə daxilində qiymətin qalxmasına səbəb olub. Yeni ilin əvvəlində qiymətlər dekabr ayının sonu ilə müqayisədə 12% bahalaşıb .
 
Rusiyada soğan ötən ilin sonu ilə müqayisədə 6,3% bahalaşıb. Hazırda bu ölkədə soğanın orta topdansatış qiyməti 0,32-0,35 dollar/kq arasında dəyişir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanda ilin əvvəlində müşahidə olunan anomal şaxtalar izolyasiya edilməmiş anbarlarda saxlanılan böyük soğan ehtiyatını məhv edib.
 
Pakistanda 2022-ci ilin ortalarında baş verən daşqınlar səbəbindən soğan əkinlərinin əhəmiyyətli hissəsi tələf olub. Nəticədə dünyanın ən böyük ixracatçılarından olan Pakistan idxalçıya çevrilib, İrandan, Özbəkistandan, Türkiyədən, hətta Əfqanıstandan soğan tədarük etməyə başlayıb. İranda mövsümi amillərlə yanaşı, ölkənin cənubunda yağan yağışlarla əlaqədar olaraq daşınmada fasilə yaranıb, eləcə də Pakistana və İraqa soğan ixracı artıb.
 
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə AzVision.az -a açıqlamasında bildirib ki, Türkiyədə soğanın topdansatış qiyməti 0,60 dollar/kq-a yaxınlaşır. Güclü tələbi böyük daxili bazar, eləcə də İraqa soğan ixracı dəstəkləyir. "Ölkədə yeni məhsul aprelin ikinci yarısında çıxdığından yaxın gələcəkdə qiymətlərin azalması üçün heç bir ilkin şərt yoxdur. Gürcüstanda da soğanın topdansatış qiyməti 0,60 dollar/kq-dır. Bu, ötən illə müqayisədə 2 dəfə yüksək qiymətdir. Bahalaşmanın Türkiyə, İran və Misirdə təzə məhsul çıxana - may ayına qədər davam edəcəyi ehtimal olunur. Çin bu mövsüm soğanı əsasən Asiya ölkələrinə ixrac edir, çünki logistika hələlik bu məhsulun Avropa ölkələrinə çatdırılmasına imkan vermir. Digər tərəfdən Çin soğanı keyfiyyət baxımından Avropa ölkələrinin minimum tələblərinə heç də həmişə cavab vermir",- direktor qeyd edib.
 
Lakin qiymətlər belə sürətlə artmağa davam edərsə, vəziyyət dəyişə bilər.
 
Yanvarın 20-nə bir sıra region ölkələrində soğanın qiyməti aşağıdakı kimi olub:
Rusiya - 0,32 dollar/kq;
Belarus - 0,49 dollar/kq;
Ukrayna - 0,68 dollar/kq;
Moldova - 0,47 dollar/kq;
Gürcüstan - 0,60 dollar/kq;
Özbəkistan - 0,71 dollar/kq;
Tacikistan - 0,59 dollar/kq.
 
Azərbaycanda soğan istehsalı yazlıq və payızlıq olmaqla, əsasən iki mövsümdə həyata keçirilir. Yazlıq soğanın əkini yanvar-fevral aylarında, məhsul yığımı isə həmin ilin avqust-sentyabr aylarında aparılır. Payızlıq soğanın əkini isə avqust-sentyabr aylarında, məhsul yığımı növbəti ilin aprel-may aylarında həyata keçirilir.








Redaktorun seçimi